XƏBƏRLƏR
16:06, 19.01.2023
Genetik Ehtiyatlar İnstitutunda 20 Yanvar Ümumxalq Hüzn Gününün 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda(GEİ) 2023-cü il 19 yanvar tarixində 20 yanvar faciəsinin otuz üçüncü ildönümü, ictimai-siyasi əhəmiyyətinin təbliğ olunması ilə bağlı anım tədbiri keçirildi.Tədbiri giriş sözü ilə açan GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun müraciəti ilə Azərbaycan Respublikasının ərazisinin bütövlüyü uğrunda dünyasını dəyişmiş bütün vətən övladlarının, 20 Yanvar şəhidlərinin xatirəsi 1-dəqiqəlik sükutla yad edilib. Daha sonra Dövlət Himni səsləndirilib. Zeynal Əkpərov 20 yanvar faciəsinin Azərbaycanda milli-azadlıq hərəkatına, xalqına, dinc əhaliyə qarşı Sovet imperiyasının həyata keçirdiyi məqsədli bir hərbi akt, xalqımızın tarixində əsrin dəhşətli faciəsi olmaqla yanaşı, həm də milli azadlıq hərəkatınının Qəhrəmanlıq səlnaməsi olduğunu qeyd edib. Ölkənin müstəqilliyini və ərazi bütövlüyünün toxunulmazlığını, xalqının azadlığını hər şeydən üstün tutan, imperiya siyasətinə, ədalətsizliyə qarşı çıxan, 1990-cı ilin yanvarın 19 dan 20-nə keçən gecə sinələrini sipər edib şəhidlik məqamı zirvəsinə ucalan və ya qazi olan əliyalın vətəndaşların xatirələrini GEİ 33 ildir ki, yad etdiyi vurğulanıb. Daha sonra GEİ-nin Həmkarlar ittifaqı komitəsinin sədri, biologiya elmləri doktoru Hamlet Sadıqov, Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, b.ü.f.d. Vəli Qarayev 20 yanvar faciəsi, xalq hərəkatının 2-ci Qarabağ müharibəsinin Böyük Zəfərlə başa çatmasındakı rolu ilə bağlı öz təəssüratlarını, o vaxtlar xalq hərəkatına dəstək vermək baxımından ölkə rəhbərliyinin biganə qaldığı halda, Şərqi Zəngəzur iqtisadi rayonu ərazilərində ölkənin yeraltı sərvətlərinin ermənilər tərəfindən qanunvericiliyə zidd olaraq amansızcasına istismar edilməsinə, ekoloji tarazlığın pozulmasına qarşı ictimai təşkilatların bir aydan çox davam edən dinc nümayişlərinin dövlət tərəfindən dəstəklənməsinin və haqlı tələblərinin ölkə Prezidenti tərəfindən beynəlxalq tədbirlərdə müdafiə edilərək bütün dünyaya bəyan edilməsi, dövlətin, ölkə başçısının xalqının yanında olmasına dəlalət edir. Milli azadlıq hərəkatına, 20 yanvar faciəsinə dair video çarx nümayiş etdirilib. Allah şəhidlərimizə rəhmət eləsin.

 

FOTO>>>

 

© www.genres.az