XƏBƏRLƏR
15:12, 21.12.2022
Genetik Ehtiyatlar İnstitutunun 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunları müzakirə edildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyininin (ETN) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) AMEA-nın Biologiya və Tibb Bölməsi ilə birgə 20 dekabr tarixdə keçirilən iclasında GEİ-nin 2022-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunları müzakirə edildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova ilk öncə, GEİ-nin qarşısında qoyulan dövlət tapşırıqlarına və mövzu planlarına uyğun olaraq elmi işlərin yerinə yetirildiyini, AMEA-nın elmi-təşkilati işlərində, o cümlədən “Şuşa ili” ilə bağlı keçirilmiş silsilə müvafiq tədbirlərdə institut əməkdaşlarının da yaxından iştirak etdiklərini qeyd etməklə yanaşı, yaxınlaşmaqda olan “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və yeni təqvim ili münasibətilə toplantı iştirakçılarını təbrik etdi. Sonra hesabatı təqdim etmək üçün söz GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkpərova verildi. Məruzəçi GEİ-nin 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti, əldə edilmiş nailiyyətləri, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarından, Nazirlər Kabinetinin qərar və sərəncamlarından irəli gələn və dövlət proqramlarına uyğun olaraq AMEA-nın və ETN-nin müvafiq tapşırıqlarının icrası, həmçinin mövcud problemlər və perspektiv planlar haqqında ətraflı məlumat verdi. AMEA-nın 2 müxbir üzvünün, 8 elmlər doktoru, 64 fəlsəfə doktoru, 3 professorun çalışdığı 310 nəfər, o cümlədən 149 elmi işçisi olan GEİ, 2022-ci ildə fəaliyyətini 3 istiqamətdə, 3 problem, 7 mövzu, 24 iş və 97 mərhələ üzrə GEİ-nin müvafiq şöbə və ya laboratoriyalarında, Abşeron təcrübə təsərrüfat bazasında (ATTB), müxtəlif ekoloji bölgələrdə yerləşən Şəki, Qarabağ, Ağdaş və Tovuz elmi tədqiqat bazalarında (ETB), Saray və Zuvand dayaq məntəqələrində (DM), eləcə də Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) Qobustan və Tərtər bölgə təcrübə stansiyalarında (BTS) davam etdirmişdir. GEİ ölkədə bioloji ehtiyatlar, seleksiya və toxumçuluq, genetika və s. ixtisaslar üzrə təhsilin yüksək pilləsi üzrə kadr hazırlayan, elmlə təhsilin qovuşduğu elm-təhsil müəssisəsi kimi də fəaliyyətini davam etdirməkdədir. GEİ yarandığı 1958-ci ildən etibarən fəlsəfə və elmlər doktoru hazırlığını həyata keçirir. Fəaliyyətinin 2-ci dövründə 2003-2022-ci illər ərzində GEİ-də 7 nəfər elmlər doktoru və 34 nəfər fəlsəfə doktoru hazırlanmışdır. Hal-hazırda GEİ-nin doktorantura və dissertanturasında 32 nəfər təhsilini davam etdirir. GEİ-də 2015-ci ildən dünyanın tanınmış universitetlərinin tədris proqramlarına uyğun olaraq formalaşdırılmış xüsusi proqramlarla 4 ixtisas (Genetika, İnsan genetikası, Bitkilərin seleksiyası, Bitkilərin mühafizəsi) üzrə magistrant hazırlığı həyata keçirilir. Hesabat ilində GEİ-nin 8 əməkdaşı müxtəlif proqramlar və layihələr çərçivəsində ayrı-ayrı ölkələrdə (ABŞ, Türkiyə, İtaliya, İngiltərə və s.) tədqiqatlarını davam etdirmişlər. GEİ 2022-ci ildə Avropa Birliyinin COST proqramının 6 layihəsində, eləcə də Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının texniki yardımı ilə aqrobiomüxtəlifliyin mühafizəsi layihəsində tərəfdaş kimi iştirak etmiş, Bitki Genetik Ehtiyatları üzrə Qlobal Etimad Fondunun (Trust-Fund) 2023-2030-cu illəri əhatə edəcək “İqlim dəyişmələri fonunda biomüxtəliflik üçün yeni imkanlar və inkişaf” layihəsinə, eləcə də Avropa Birliyinin COST proqramının 3 yeni layihəsinə qoşulmuşdur. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Aqrar Elm və Texnologiyalar üzrə Beynəlxalq Sistemində (AGRİS) Azərbaycanın ilk elmi jurnalı olaraq 2022-ci il 25 mart tarixində indeksləşdirilərək xüsusi identifikasiya kodu almış GEİ-nin Elmi əsərləri (ISSN 2223-5817, Online - 2790-7988) Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir. AMEA və Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında Saziş çərçivəsinə uyğun olaraq doktorantura səviyyəsində ikili diplom proqramı üzrə ilk müştərək doktorantın, GEİ-nin Molekulyar genetika və genomika şöbəsinin əməkdaşı Səbinə Fərhadovanın “Siçanın embrion kök hüceyrə modelləri üzərində insanın imprintinq xəstəliklərinə səbəb olan epigenetik mexanizmlərin tədqiqi” mövzusunda dissertasiya müdafiəsi də məhz 2022-ci ildə Monpelye Universitetində uğurla həyata keçirilmişdir. GEİ-nin əməkdaşlarının müəllifliyi ilə 2022-ci ildə 2 kitab, 2 monoqrafiya, 115 məqalə, 99 tezis dərc olunmuşdur ki, onlardan da 1 monoqrafiya, 29 məqalə və 42 tezis xaricdə dərc olunmuşdur. Yeni yaradılan bitki sortlarına görə 4 patent alınmışdır. Web of Science və Scopus bazalarında GEİ-nin əməkdaşlarının 19 məqaləsi dərc olunmuş və elmi məqalələrinə 975 istinad edilmişdir. GEİ-nin fəaliyyətinə dair digər məlumatları da özündə ehtiva edən təqdimatdan sonra hesabata dair müvafiq suallar iddiaçı tərəfindən ətraflı olaraq cavablandırılmışdır. Hesabatın müzakirəsi obyektiv olaraq aparıldı, tənqidi yanaşılaraq geniş müzakirə olundu. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Xloroplastların fotokimyası laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor İbrahim Əzizov GEİ-nin cari ildəki fəliyyətini yüksək qiymətləndirdi və hesabatın qəbul olunmasını tövsiyə etdi. Bununla belə, iclasın sədri GEİ-nin aidiyyatı şöbələrinin müdirlərinə də söz verərək onların fikirlərini dinlədi. Hesabatın təqdimatından sonra aparılan geniş müzakirələrə yekun vuran akademik İradə Hüseynova GEİ-nin elmi fəaliyyətinin mühüm istiqamətlər üzrə nəticələrini yüksək qiymətləndirməklə yanaşı, həm də gələcək fəaliyyətində nəzərə alınmaq üçün bəzi iradlarını da bildirdi, müvafiq tövsiyələrini verdi. GEİ-nin kollektivi qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və yeni təqvim ili münasibətilə təbrik edildi , onlara can sağlığı şəraitində yeni-yeni uğurlar arzulandı. GEİ-nin öz fəaliyyəti və uğurları ilə ötən dövrlərdə AMEA-nın elmi müəssisələri arasında avanqard olduğu kimi, keçmiş ənənələrinin davamlılığının qorunub saxlanılacağına, bu estafetin əldən verilməyəcəyinə də əmin olduğu toplantı iştirakçılarının nəzərinə çatdırıldı.

 

 

FOTO>>>

 

© www.genres.az