XƏBƏRLƏR
10:48, 28.11.2022
Genetik ehtiyatlar institutunun əməkdaşları Respublikada toxumçuluğun inkişafına dair Beynəlxalq konfransda iştirak etmişlər

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə 2022-ci il 25 noyabr tarixində Türkiyənin Azərbaycan əsilli tanınmış alimi Mirzə Göygölə həsr olunmuş “Toxumçuluğun inkişafına dair” Beynəlxalq konfrans keçirilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Naziriliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, FAO-nun Azərbaycandakı nümayəndəliyi, elmi tədqiqat institutları, ayrı-ayrı rayonların aqrar inkişaf mərkəzlərinin rəhbərləri və mütəxəsisləri, özəl şirkətlərin iş adamları və Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin məsul mütəxəsislərinin iştirak etdiyi konfrans Şamaxı şəhərində keçirilmişdir. Kənd təsərrüfatı naziri İnam Kərimov, AQTA-nın sədri Qoşqar Təhməzli, Nazirlər Kabinetinin Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov, Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Bitki mənşəli istehsal baş idarəsinin müdiri Mehmet Hasdemir, FAO-nun ölkəmizdəki nümayəndəsinin müavini Bariz Mehdiyev Konfransda çıxış edərək ölkədə toxumçuluğun mövcud vəziyyəti, qarşıda duran vəzifələrin həlli isiqamətində beynəlxalq əməkdaşlığın istiqamətlərini diqqətə çatdırmışlar.Respublikada aqrar sektorun inkişafında keyfiyyətli toxuma olan tələbatın daxili istehsal hesabına təmin olunmasının prioritet vəzifələrdən biri olaraq ərzaq təhlükəsizliyi baxımından toxumçuluğun inkişaf etdirilməsi, yeni metod və texnologiyaların tətbiq edilməklə kənd təsərrüfatı məhsulları istehsalında məhsuldarlığın artırılmasının zəruri tələbləri konfransda müzakirə obyekti olmuşdur. Konfransda iştirak edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik ehtiyatlar institutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkpərov elmi tədqiqat institutlarının, özəl sektorların rəhbərləri və mütəxəsisləri ilə keçirdiyi görüşlərdə genetik ehtiyatların mühafizə olunması, Milli Genbankda müvafiq qeydiyyatların aparılması, institutun özəl sektorlarla birgə fəaliyyəti istiqamətləri ilə bağlı müzakirələr aparılmışdır. İnstitutun baş meneceri b.ü.f.d. Rafail Mahmudov isə konfransın panel sessiyasında taxıl toxumçuluğunun inkişafının perspektivləri, buğdanın seleksiyasının gələcək istiqamətləri, toxumçuluqda yeni innovativ texnologiyaların tətbiqi mövzusunda təqdimatla çıxış etmişdir.

 

FOTO>>>

 

© www.genres.az