Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun nəzdində ED 1.26 Dissertasiya şurasının bazasında yaradılmış BFD 1.26/1 Birdəfəlik Dissertasiya şurasında 25.11.2022-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) doktorantı Vahid Musa oğlu Güvəndiyevin 2432.01 - Bioloji ehtiyatlar və 2426.01 - Ekologiya ixtisaslar üzrə Fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiyanın müdafiəsi uğurla başa çatmışdır. Botanika İnstitutunun baş direktoru, Dissertasiya şurasının (DŞ) sədri, b.e.d., professor, Səyyarə İbadullayeva elmi Şuranı açıq elan etmişdir. DŞ-nin elmi katibi b.ü.f.d., dosent Arzu Hüseynova Vahid Güvəndiyevin tərcümeyi halı ilə şura üzvlərini tanış etdikdən sonra təqdimat üçün söz iddiaçıya verilmişdir. İddiaçı prosedur qaydalara uyğun olaraq "Azərbaycan florasının Qarayonca (Medicago L.) cinsi növlərinin bioekoloji xüsusiyyətləri və səmərəli istifadəsi" mövzusunda başa çatdırılmış dissertasiya işinə dair təqdimatı ona ayrılmış müddətdə tərtib olunmuş xüsusi slaydlarla təqdim etmişdir.Dissertasiya işi GEİ-nin Ekobotanika və sistematika şöbəsində yerinə yetirilmişdir. Tədqiqatlar 2012-ci ildən 2017-ci ilə qədər olan dövrdə Azərbaycanın əksər botaniki-coğrafi rayonlarında ekspedisiyalarla və toplanan herbari-toxum materialları üzərində laboratoriya şəraitlərində həyata keçirilmişdir. Rəsmi opponentlər: b.e.d., professor Sara Məmmədova, b.e.d., professor Nərminə Sadıqova və b.e.d., dosent Adilə Ələsgərova iddiaçının dissertasiya işinə müsbət rəylərini bildirmiş və işi yüksək qiymətləndirmişlər. Dissertasiya işi ilə bağlı çıxış edən şura üzvləri işi yekdil olaraq yüksək dəyərləndirmiş və iddiaçının əməyini yüksək dəyərləndirmişlər. Elmi rəhbər, b. e.d. Aydın Əsgərov çıxış edərək işğal altında qalmış ərazilər istisna olmaqla respublikanın bütün iqtisadi rayonlarının əraziərində iddiaçı V. Güvəndiyevin çoxsaylı ekspedisiyalarda iştirak etməklə in situ şəraitində Qarayonca (Medicago L.) cinsi növmüxtəlifliyinin oyrənilməsi sahəsində apardığı tədqiqatın praktik və elmi-nəzəri əhəmiyyətini yüksək qiymətləndirmişdir.Dissertasiyanın müdafiəsi bitdikdən sonra BFD 1.26/1 Birdəfəlik Dissertasiya şurasında gizli səsvermə keçirilmiş və şura üzvləri Vahid Musa oğlu Güvəndiyevin biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almağa layiq olduğuna yekdilliklə səs vermişlər. Yaradıcı-məhsuldar emi fəaliyyətin uğurlu və davamlı olsun, Vahid Güvəndiyev!
© www.genres.az