XƏBƏRLƏR
11:01, 07.09.2022
Genetik Ehtiyatlar İnstitutu ilə Xəzər Universiteti arasında elm və təhsil üzrə əməkdaşlıq müqaviləsi imzalanmışdır
06 sentyabr, 2022-ci il tarixində Genetik Ehtiyatlar İnstitutunun (GEİ) baş direktoru, AMEA-nın müxbir üzvü, a.e.d., professor Zeynal Əkpərov və Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, f.r.e.d., professor Hamlet İsaxanlı elmi-tədqiqat və təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə əməkdaşlıq müqaviləsi imzalamışlar.
Müqavilədə Azərbaycanda elm və təhsilin müxtəlif sahələrinin innovativ inkişafı məqsədilə GEİ və Xəzər Universitetinin mövcud infrastrukturdan birgə istifadəsi, beynəlxalq və yerli proqramlara qoşulmaq üçün fəaliyyətlərin koordinasiyalı şəkildə həyata keçirilməsi, hər iki müəsisənin mütəxəssisləri tərəfindən mütəmadi dəyirmi masaların təşkili, müvafiq elm sahələri üzrə tədris olunan fənn proqramlarının təkmilləşdirilməsi, yeni dərslik və dərs vəsaitlərinin hazırlanması, fundamental tədqiqatların genişləndirilməsi məqsədilə yeni tədqiqat laboratoriyalarının yaradılması, eləcə də mövcud laboratoriyaların yeni avadanlıqlarla və reaktivlərlə təchizatının yaxşılaşdırılması, multidisiplinar tədqiqatların genişləndirilməsi, yerli və beynəlxalq layihələrdə birgə iştirak, universitetin tələbələrinin GEİ-də elmi-tədqiqat praktikası, institutun magistrantlarının isə Xəzər Universitetində pedoqoji təcrübə keçməsi, Beynəlxalq və Respublika səviyyəli birgə elmi konfrans, simpozium, təlim və seminarların keçirilməsi və s. sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulmuşdur. Planlaşdırılan fəaliyyətlərin koordinasiyasının GEİ-nin icraçı direktoru, b.ü.f.d., dos. Mehrac Abbasov və Xəzər Universitetinin rektoru b.ü.f.d., dos. İradə Xəlilova tərəfindən həyata keçirilməsi qərara alınmışdır.
Müqavilənin imzalanma mərasimi Genetik Ehtiyatlar İnstitutunda baş tutmuşdur. Tədbirdə Xəzər Universitetinin rektoru, dos. İradə Xəlilova və GEİ-nin Elmi Şurasının üzvləri iştirak etmişdir.
Daha sonra, professor Hamlet İsaxanlı və dos. İradə Xəlilova GEİ-nin Milli genbank, Ekobotanika və sistematika, Texniki bitkilər, Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları, Molekulyar genetika və genomika şöbələrində, eləcə də İnsan genetikası və Kök hüceyrəsi laboratoriyalarında aparılan tədqiqatlarla yaxından tanış olmuş, İnstitutun müasir elmi cihaz və avdanlıqlarla təchiz olunmuş laboratoriyalarında aparılan müasir elmi tədqiqat işlərini, eləcə də İnstitutda yüksək ixtisaslı kadr hazırlığının təşkilini yüksək qiymətləndirmişlər.
 

FOTO>>>

 

© www.genres.az