XƏBƏRLƏR
23:55, 19.09.2022
AMEA Genetik Ehtiyatlar İnstitutu Salyan rayonunda pambıq sortlarının müqayisəli qiymətləndirilməsi və genetik kolleksiyanın zənginləşdirilməsinə həsr olunmuş seminar keçirmişdir
AMEA Genetik Ehtiyatlar İnstitutunun (GEİ) təşkilatçılığı ilə 2022 -ci il 19 sentyabr tarixində Salyan Dövlət Aqrar İnkişaf Mərkəzində “Respublikanın müxtəlif torpaq-iqlim şəraitində pambıq sortlarının müqayisəli qiymətləndirilməsi və genetik kolleksiyanın zənginləşdirilməsi” mövzusunda keçirilən seminarda pambığçılıqla məşğul olan mürəxəsislər, alimlər, beynəlxalq şirkətlərin nümayəndələri, Kənd təsərrüfatı nazirliyinin məsul şəxsləri və pambıqçı fermerlər iştrak etmislər.
Seminarda əvvəlcə ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin törətdiyi genişmiqyaslı təxribatı nəticəsində həlak olmuş şəhidlərin xatirəsi yad edildikdən sonra seminar öz işini davam etdirmişdir. GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü, prof. Zeynal Əkpərov çıxış edərək GEİ-nin öz mandatına uyğun olaraq mədəni bitkilərin və onların yabanı əcdadlarının, o cümlədən yabanı bitki genetik ehtiyatlarının, müxtəlif amillər üzrə qiymətləndirilməsinin öyrənildiyini və bitkilərin genofondunun zənginləşdirilməsinin həyata keçirildiyini, fundamental elmi tədqiqatlarla yanaşı, həm də tətbiqi istiqamətdə tədqiqatların aparıldığını, təcrübə stansiyalarında müxtəlif mədəni bitki sort və formaların seleksiya əhəmiyyətinin, genetik polimorfizminin tədqiqinin həyata keçirildiyini qeyd etmişdir. O, bildirmişdir ki, respublikamızın müxtəlif torpaq-iqlim şəraitində strateji texniki bitki olan pambığın yerli və introduksiya olunmuş sortlarının uyğunlaşma qabiliyyətinin öyrənilməsi, qiymətli genotiplərin gələcək seleksiya proqramlarına cəlb olunması məqsədilə müqayisəli tədqiqi 3 bölgədə: Salyan, Ağdaş və Zərdab rayonlarında müvafiq ixtisaslaşmış təsərrüfatlarda həyata keçirilmişdir. Salyanda keçirilən tarla seminarının məqsədi elmi tədqiqatların nəticələrinin istehsalata tətbiqinin səmərəliliyinin təşviq olunması ilə yanaşı, həm də əldə olunmuş göstəricilərin praktik olaraq fermerlərə nümayiş etdirilməsi və onların məlumatlandırılmasıdır.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri, a.e.f.d. İmran Cümşüdov “Pambıqçılıqda mövcüd vəziyyət və prespektivlər”, GEİ-nin şöbə müdiri, b.ü.f.d., dosent Ruhəngiz Məmmədova “Yeni pambıq sortlarının yaradılması, sınaqlarının keçirilməsi və toxumçuluğu”, Almaniyanın BASF şirkətinin Azərbaycanda yeganə distribyuteri “Ema” şirkətinin təmsilçisi Ali Deger, İsrailin Gowan seed Co və Hazera Seeds şirkətlərinin distribyuteri “Segula” şirkətinin təmsilçiləri Ervin Zeynallı, Bayisa Gemenchu Debel, Türkiyənin “May Agro Tohumculuk” şirkətinin Azərbaycan təmsilçisi Şahin Əliyev, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat institutunun şöbə müdiri, prof. Ələddin Tağıyev müvafiq təqdimatları ilə seminarda çıxış etmişlər. Hər bir təqdimat ətrafında geniş müzakirələr aparılmışdır. Müzakirələrin sonunda GEİ-nin baş meneceri, b.ü.f.d. Rafail Mahmudov ölkədə pambıqçılığın inkişaf etdirilməsi prespektivləri ilə bağlı müvafiq təklif və tövsiyələrini bildirmişdir.
Tədbir iştirakçıları Salyan rayonunun Xalac kəndində pambıq sınaq əkini sahələrində sortların sahə qiymətləndirilməsini aparmışlar. İsrailin Hazera Seeds və Gowan seed Co şirkətinin Akalpi, CS 1432 F1 hibridləri, Almaniyanın BASF şirkətinin Azərbaycandakı distribyuteri EMA şirkəti tərəfindən təqdim olunmuş Fiona sortu,Türkiyənin “Livagro” şirkətinin Livzara sortu, May Agro Tohumculuk” şirkəti tərəfindən təqdim olunmuş May 455 pambıq sortları Genetik Ehtiyatlar İnstitutunun “Bayraqdar”, “Ağdaş-3 yaxşılaşdırılmış” pambıq sortları ilə müqaisəli qiymətləndirilmişdir.
Tədbir işgüzar müzakirələr və qarşılıqlı fikir mübadiləsi şəraitində həyata keçirilmişdir.

 

 

FOTO>>>

 

© www.genres.az