XƏBƏRLƏR
11:35, 09.06.2022
AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi

AMEA Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Elmi Şurasının növbəti iclası 2022-ci il 08 iyun tarixində keçirildi. İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Şura üzvlərini salamladıqdan sonra onları iclasın gündəliyində duran məsələlərlə tanış elədi. İnstitutun Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən GEİ-nin Qarabağ Elmi-Tədqiqat Bazasında (QETB) 2022-ci il 20 may tarixində keçirilən Tarla seminarının yüksək səviyyədə təşkil olunduğu və nəticələri haqqında ayrı-ayrı kütləvi informasiya vasitələrində məlumatların yayıldığı geniş qeyd olundu. İkinci məsələ ilə bağlı, QETB-də qoyulmuş tarla təcrübələrinin yüksək məhsuldar taxıl sortlarının məhsulunun vaxtında ciddi nəzarət altında itkisiz yığımına hazırlıq və bu kompaniyanın mütəşəkkil səviyyədə başa çatdırılmsı üçün insitutun bütün aidiyyatı şöbələrinin səfərbər olunması, icraçı məsul şəxslərin məsuliyyətlərinin artırılması şöbə müdirləri, şura üzvlərinin nəzərinə çatdırıldı. Qarabağ Elmi-Tədqiqat Bazasında bərpa və quruculuq işlərinin, su və enerji təminatı, inzibati və yardımçı binaların bərpa işlərinin və s. lazımi səviyyədə həyata keçirilməsi üçün bazanın 1700 hektaradək torpaq sahəsi olan mülkiyyətini təsdiqləyən, əmlaka aid Dövlət Reyestr Xidmətindən çıxarışın əldə olunmasının sürətləndirilməsi baxımından aidiyyatı qurumların bu sahədə müvafiq köməklik göstərmələrinə çox ciddi ehtiyac olmasının zəruriliyi bildirildi. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının 13.12.2011-ci il Sərəncamı ilə təsdiq olunmuş “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli qərarı ilə təsdiq edilmiş mədəni bitkilərin genetik ehtiyatlarının (MBGE) mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın (ETŞ), İxtisaslaşdırılmış ekspert şuraları (İEŞ) və Prioritet fəaliyyət istiqamətləri üzrə işçi qruplarının (PFİİQ) yeni tərkibinin formalaşdırılması ilə bağlı 3-cü məsələ üzrə də geniş şərh verildi. MBGE-nin mühafizəsi və səmərəli istifadəsi sahəsində elmi tədqiqat və elmi təşkilati fəaliyyətləri istiqamətləndirmək və ümumi rəhbərliyi təmin etmək üçün Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyinin aidiyyatı qurumlarının alim və yüksək ixtisaslı mütəxəssislərindən ibarət yaradılan səlahiyyətli ETŞ-nin tərkibinin yenilənməsi zərurətinin yarandığı indiki şəraitdə adıgedən qərarla təsdiq olunmuş müvafiq qaydalarda MBGE-nin mühafizəsi və səmərəli istifadəsinə dövlət nəzarəti funksiyalarının həyata keçirilməsində AMEA-nın bölmə və strukturlarının iştirakının nəzərdə tutulması baxımından GEİ səlahiyyətli cavabdeh, elmi müəssisə olduğundan ETŞ, İEŞ və PFİİQ üzvlərinin yenilənməsi və fəaliyyətlərinin gücləndirilməsi üçün müvafiq mərkəzi icra hakimiyyətləri qurumlarına müraciət olunmasının vacibliyi də Şura üzvlərinin nəzərinə çatdırılmışdır.