Beyləqan, 25 may (AzərTAc). Kənd Təsərrüfatı Nazirliyi, Milli Aviasiya Akademiyası, AMEA Genetik Ehtiyatlar İnstitutu və “Azərbaycan Hava Yolları - Azal” QSC-nin təşkilatçılığı ilə Beyləqanda “Daxili resurslar ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına zəmanət verir” mövzusunda tarla seminarı keçirilmişdir.
AzərTAc xəbər verir ki, adı çəkilən qurumların və Beyləqan Rayon İcra Hakimiyyətinin nümayəndələrinin, fermerlərin və toxumçuların iştirak etdikləri seminarda ozonlaşdırma texnologiyasının əkinçilikdə və bitki genetik ehtiyatlarının mühafizəsində istifadəsinin əhəmiyyəti müzakirə edilmişdir.
Seminarda Genetik Ehtiyatlar İnstitutunun direktoru, kənd təsərrüfatı elmləri doktoru Zeynal Əkpərov, institutunun əməkdaşı Sevinc Məmmədova, Milli Aviasiya Akademiyasının Elmi Tədqiqat Nəqliyyat, Aviasiya Problemləri İnstitutu konstruktor bürosunun rəisi, texnika elmləri doktoru Telman Nizamov və başqaları çıxış etmişlər. Onlar kənd təsərrüfatında və milli genebankda innovasiya texnologiyalarının istifadəsinin səmərəliyi, ozonlaşdırma texnologiyalarının taxılçılıqda istifadəsi, bitki toxumlarının ozonlaşdırma üsulu ilə anbarlarda saxlanması və səpinqabağı emalı və sair məsələlərdən danışmışlar.
Bildirilmişdir ki, kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanovun təklifi, Milli Aviasiya Akademiyası və Genetik Ehtiyatlar İnstitutunun təşəbbüsü ilə regionda ilk dəfə olaraq kənd təsərrüfatında ozonun səpinqabağı tətbiqinin mümkünlüyünün əsaslandırılması məqsədi ilə 2009-2012-ci illərdə Oğuz rayonunda tədqiqatlar aparılmışdır. Müşahidələr göstərmişdir ki, ozonlu toxumların cücərməsi ozonlaşdırılmamış toxumlara nisbətən 1–2 gün tez başlamış, cücərmə enerjisi 3–5 faiz, cücərmə 2–5 faiz çox olmuşdur. Ozonlu variantda, həmçinin yaşıllaşma effekti və güclü kök sistemi müşahidə edilmişdir. Taxıl əkinlərində geniş yayılmış və təsərrüfatlara çox böyük ziyan vuran bərk sürmə xəstəliyinə təsadüf edilməmişdir.
Seminar iştirakçıları sonra ozonlaşdırma texnologiyasının tətbiq edildiyi taxıl əkinlərinə baxış keçirmişlər.
22:06, 27.05.2013
Beyləqanda “Daxili resurslar ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına zəmanət verir” mövzusunda tarla seminarı keçirilmişdir