XƏBƏRLƏR
15:44, 01.06.2022
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda magistrantların dissertasiya işlərinin ilkin müzakirələri başa çatdı

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun magistraturasında “İnsan genetikası” və “Genetika” ixtisaslaşmaları üzrə təhsil alan II kusr magistrantların dissertasiya işlərinin şöbələrin birləşmiş seminarında ilkin müzakirəsi 2022-ci il 01 iyun tarixində keçirilmişdir.

“İnsan genetikası” ixtisaslaşması üzrə magistrant Nüşabə Əkbərova “Koronovirus ailəsinə daxil olan virusların genom verilənlərinin müqayisəli təhlili” mövzusunda və “Genetika” ixtisaslaşması üzrə magistrant Nilufər Hüseynova isə “Kəskin limfoblastik leykemiyalı xəstələrin tümör supressor genlərində baş verən epigenetik dəyişkənliklərin tədqiqi” mövzusunda təqdimatları reqlamentə uyğun olaraq müvafiq müddətdə slaydlarla təqdim etdilər. Hər iki iddiaçının təqdimatından sonra onlara verilən suallar ətraflı cavablandırıldı. Magistrantların əldə etdikləri elmi nəticələr, sualların dolğun cavablandırılması seminarın iştirakçı alimləri tərəfindən yüksək qiymətləndirildi və dissertasiya işlərinin əsas müdafiəyə buraxılması tövsiyə olundu.

Seminarda institutun Təhsil, Fizioloji genetika, Molekulyar genetika və genomika, İmmunogenetika, Biokimyəvi genetika və texnologiya, Molekulyar sitogenetika, Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbələrinin, eləcə də İnsan genetikası və Beynəlxalq kompüter genomikası laboratoriyalarının mütəxəssisləri, magistrantların elmi rəhbərləri- Beynəlxalq kompüter genomikası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Orxan Mustafayev və Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Vüsalə İzzətullayeva, eləcə də İnstitutun I kusr magistrantları, gənc alim və mütəxəssisləri iştirak etmişlər. İnstitutda magistrantların dissertasiya işlərinin 2022-ci il üzrə ilkin müzakirələri başa çatmışdır.

 

 

FOTO>>>

 

© www.genres.az