XƏBƏRLƏR
19:35, 21.05.2022
“Qarabağ regionunda ərzaq təhlükəsizliyinin təmin olunmasında Qarabağ Elmi Tədqiqat Bazasının rolu” mövzusunda Tarla seminarı keçirildi

Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsi və Genetik Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə 2022-ci il 20 may tarixində Şuşa ilinə həsr olunmuş “Qarabağ regionunda ərzaq təhlükəsizliyinin təmin olunmasında Qarabağ Elmi-Tədqiqat Bazasının rolu” mövzusunda Tərtər rayonunun Şıxarx qəsəbəsində Tarla seminarı keçirilmişdir. Tədbirdə AMEA-nın müxbir üzvləri, Tərtər rayon İcra hakimiyyətinin başçısının müavini, AMEA-nın müvafiq institutlarının əməkdaşları, digər aidiyyatı mərkəzi icra hakimiyyəti qurumlarının təşkilatlarının mütəxəssisləri, eləcə də özəl şirkətlərin və yerli təşkilatların nümayəndələri iştirak etmişlər. AMEA-nın müxbir üzvü, Genetik Ehtiyatlar İnstitutunun baş direktoru Zeynal Əkpərov, AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov və AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın adından iştirakçıları salamlayaraq Tarla seminarını açıq elan etmişdir. Zeynal Əkpərov Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi, yeridilən diplomatik siyasəti ilə 44 günlük ikinci Qarabağ müharibəsində Müzəffər ordu tərəfindən işğal altında olan yurd yerlərimizin əsl sahibinə qaytarıldığını, respublikanın ərazi bütövlüyünün təmin edildiyini bildirmişdir. O “Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazası: keçmiş uğurlar, mövcud problemlər və gələcək inkişaf perspektivləri” mövzusunda , ölkədə işğaldan azad edilmiş ərazilərdə quruculuq və bərpa işlərinin ahənginə uyğun olaraq elmi tədqiqat işlərinin təşkili istiqamətində görülmüş işlərdən, nailiyyətlərdən, gələcək perspektiv tədbirlərdən əhatəli olaraq danışmışdır. Tarla seminarı Tərtər rayonunun Şıxarx qəsəbəsində, mövcud şəraitdə 2-ci dəfə olaraq, həm də Şuşa ilinə həsr olunaraq keçirilən respublika əhəmiyyətli mühüm əlamətdar hadisədir. Seminarın Bazanın əvvəlki, keçmiş dövrünün ənənəsinə, Qarabağda çoxdan arzu edilən elmi və mədəni tədbirlərin həyata keçirilməsinin davamlılığının bərpa olunması üçün mühüm əhəmiyyət kəsb edən bir tədbir olduğu bildirilmişdir. Tədbirdə Tərtər rayon İcra hakimiyyətinin başçısının müavini Abbas Cavadov, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, Bitki mühafizə və texniki bitkilər elmi-tədqiqat institutunun direktoru b.ü.f.d. dos. Elçin Xəlilov, “Agro Dairy” MMC-nin kənd təsərrüfatı üzrə müşaviri a.e.ü.f.d. Məmmədzadə Nəbiyev, GEİ-nin baş meneceri, b.ü.f.d. Rafail Mahmudov, AMEA-nın Molekulyat biologiya və biotexnologiyalar institutunun icraçı direktoru, b.ü.f.d., dos. Ələmdar Məmmədov, Torpaqşünaslıq və aqrokimya institutunun laboratoriya müdiri dos. Zaman Məmmədov, Azərbaycan elmi-tədqiqat su problemləri institutunun direktoru Elman Qənbərov və QETB-nin direktoru Həmid Mehdiyev seminarın mövzusu ilə bağlı çıxış etmişlər. Tədbirin sonunda əkin sahələrinə baxış keçirilmiş və xatirə şəkilləri çəkilmişdir.

 

FOTO>>>

 

© www.genres.az