AMEA Genetik Ehtiyatlar İnstitutunun (GEİ) icraçı direktoru, Molekulyar genetika və genomika şöbəsinin müdiri, b.ü.f.d., dosent Mehrac Abbasov və İnsan genetikası laboratoriyasının müdiri Dr. Bayram Bayramov genom sahəsində dünyanın tanınmış və ən böyük elmi mərkəzlərindən biri olan Çin Xalq Respublikasının Pekin Genom İnstitutunun Genomika bölməsinin əməkdaşı Eda Peng ilə görüşmüşlər. M.Abbasov GEİ-də genom sahəsində aparılan tədqiqatlar haqqında geniş məlumat vermiş və bildirmişdir ki, İnstitutun Molekulyar genetika və genomika şöbəsində Sanqer və Yeni Nəsil Sekvenserləri (İon proton, İon PGM, Miseq, Minion Oxford) ilə təchiz edilmiş müasir laboratoriya, eləcə də İnsan genetikası laboratoriyası və Beynəlxalq kompüter genomikası laboratoriyası fəaliyyət göstərir. Son 5 il ərzində İnstitutda buğda və arpa bitkisinə aid 1000-dən artıq sort və formanın sekvens əsasında genotipləşdirilməsi, nar bitkisinin “Azərbaycan gülöyşəsi” sortunun tam genomunun de-novo oxunması, narın 6 sortunun və 60 eqilops nümunəsinin tam genomunun re-sekvenslənməsi həyata keçirilmişdir. Bundan başqa, insanda irsi və anadangəlmə xəstəliklər ilə əlaqəli olan müxtəlif genlərin sekvenslənməsi aparılmış və çox sayda elmi məqalələr beynəlxalq jurnallarda yayımlanmışdır. Hal-hazırda GEİ genetika və genom sahəsində fundamental tədqiqatların aparılması üçün müasir infrastruktura və kadr potensialına malik olan bölgənin ən qabaqcıl elmi mərkəzlərindən biridir. Burada fəaliyyət göstərən alimlər hər il dünyanın nüfuzlu jurnallarında beynəlxalq məqalələr çap etdirir və onların əsərlərinə xarici alimlər tərəfindən yüzlərlə istinad edilir. Pekin Genom İnstitutunun əməkdaşı Eda Peng GEİ ilə elmi əlaqələrin inkişaf etdirmək üçün geniş imkanların olduğunu bildirmiş və təşkilatlarında aparılan tədqiqat və xidməti işlər haqqında geniş məlumat vermişdir. Daha sonra GEİ-nin Molekulyar genetika və genomika şöbəsinin tərkibində fəaliyyət göstərən laboratoriyalara baxış keçirilmiş, İnsan genetikası laboratoriyasının müdiri Dr. Bayram Bayramov tibbi genetika və epigenetika sahəsində aparılan elmi tədqiqat işləri və layihələr haqqında geniş məlumat vermişdir. Görüş zamanı əməkdaşlığın genişləndirilməsi və hər iki təşkilat arasında qarşılıqlı səfərlərin mütəmadi təşkil olunması məqsədilə əməkdaşlıq müqaviləsinin hazırlanması, eləcə də birgə beynəlxalq layihələrin hazırlanması üzrə razılıq əldə olunmuşdur.
© www.genres.az