XƏBƏRLƏR
15:30, 05.04.2022
AMEA GENETİK EHTİYATLAR İNSTİTUTU YENİ BEYNƏLXALQ LAYIHƏYƏ QOŞULMUŞDUR

AMEA Genetik Ehtiyatlar İnstitutu (GEİ) Bitki Genetik Ehtiyatları üzrə Qlobal Etimad Fondunun (Trust-Fund) 2021-2030-cu illəri əhatə edəcək “İqlim dəyişmələri fonunda biomüxtəliflik üçün yeni imkanlar və inkişaf” layihəsinə qoşulmuşdur. Layihə çərçivəsində dünyanın müxtəlif ölkələrindən seçilmiş 15 beynəlxalq və milli genbankın fəaliyyəti dəstəklənəcək, bitki genetik ehtiyatlarının toplanılması, beynəlxalq standartlara uyğun olaraq saxlanılması, dublikatlarının yaradılması və səmərəli istifadəsi üzrə infrastrukturun yaxşılaşdırılması və kadr hazırlığı işlərinə köməklik göstəriləcəkdir.

28 mart – 02 aprel, 2022-ci il tarixlərində Bitki Genetik Ehtiyatları üzrə Qlobal Etimad Fondunun beynəlxalq ekspert qrupu - prof. Paula Bramel (ABŞ), prof. Ahmed Amri (Mərakeş), prof. Jean Hanson (Efiopiya), eləcə də fondun əməkdaşları Nelissa Jamora və Luis Salazar AMEA Genetik Ehtiyatlar İnstitutunda olmuş və layihə çərçivəsində planlaşdırılan fəaliyyətləri müzakirə etmişlər. GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov İnstitutun fəaliyyəti, Milli genbankda saxlanılan bitki kolleksiyaları və yerli bitki ehtiyatlarından istifadə etməklə yeni yaradılmış sortlar haqqında qonaqlara geniş məlumat vermişdir. Z.Əkpərov bildirmişdir ki, 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanun qəbul edilmiş və qanuna uyğun olaraq AMEA Genetik Ehtiyatlar İnstitutu ölkədə genetik ehtiyatların idarəedilməsi üzrə Milli əlaqələndirici İnstitut kimi müəyyən edilmiş, İnstitutun tərkibində fəaliyyət göstərən Genbanka “Milli Genbank” stratusu verilmiş, eləcə də müxtəlif təşkilatların iştirakı ilə GEİ-də Elmi Texniki Şura yaradılmışdır. Qanunun müvafiq maddələri ilə GEİ-nin ərazisi və bütün əmlakı xüsusi mühafizə olunan dövlət obyekti statusuna malikdir. Z.Əkpərov bildirdi ki, “Mədəni bitkilərin genetik ehtiyatlarının qorunması və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-ci maddəsinin 6.1.5-ci bəndinə və bütövlükdə 8-ci maddəsinin tələblərinə uyğun olaraq "2022-2030-сu illərdə

mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində Dövlət Proqramı (Milli Proqram)" hazırlanmış və müvafiq qaydada təqdim olunmuşdur.

Beynəlxal ekspert qrupunun rəhbəri, prof. Paula Bramel genetik ehtiyatlar sahəsində Azərbaycanda görülən işləri yüksək qiymətləndirmiş və ölkənin bitki genofondunun qlobal əhəmiyyət kəsb etdiyini xüsusi vurğulamışdır. Azərbaycanda Milli genbankın beynəlxalq standartlara uyğun qurulduğunu, bitkilərin toxumlarının toplanılmasından saxlanılmaya qədər bütün prosedurların beynəlxalq standartlara cavab verməsi üzrə görülən işlərin əhəmiyyətindən danışmışdır. Prof. Paula Bramel bildirmişdir ki, hər bir ölkədə genetik ehtiyatlar əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir və bu sahənin qayğı ilə əhatə olunması vacibdir. O, İnstitutun yerli təşkilarlarla əməkdaşlığının vacibliyini vurğulamaqla yanaşı, həmçinin beynəlxalq əməkdaşlığın gücləndirilməsinin də əhəmiyyətindən danışmışdır. Azərbaycanda mövcud olan zəngin genetik ehtiyatların böyük hissəsinin toplanılması, kadr hazırlığı işinin gücləndirilməsi, Milli genbankın infrastrukturunun modernləşdirilməsi üçün Azərbaycanın Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları üzrə Beynəlxalq Sazişə qoşulmasının vacibliyini vurğulamışdır. Qeyd edilmişdir ki, bu Saziş dünya əhalisinin kəskin artdığı, qlobal iqlim dəyişkənliklərinin intensivləşdiyi müasir dövrdə aclıq və yoxsulluğa, təbii müxtəlifliyin kasadlaşmasına qarşı həlledici beynəlxalq hüquqi alətdir və Azərbaycanın bu sazişə qoşulması milli bitki genofondunun beynəlxalq standartlara uyğun olaraq mühafizə edilməsi işinə böyük kömək edə bilər. AMEA-nın müxbir üzvü Z.Əkpərov beynəlxalq sazişə qoşulmaq üçün də görülən işlər haqda qonaqlara geniş məlumat vermişdir.

Daha sonra Beynəlxalq ekspert qurpu İnstitutun bütün şöbələri və Milli genbankın fəaliyyəti ilə yaxından tanış olmuş, bitki genetik ehtiyatlarının toplanılması, saxlanılması, çoxaldılması, qiymətləndirilməsi və istifadəsi üzrə görülmüş işləri yüksək qiymətləndirmiş və gələcəkdə toplanacaq bitki nümunələrinin saxlanılması və istifadəsi üzrə öz tövsiyə və məsləhətlərini vermişlər.

 

FOTO>>>

 

© www.genres.az