AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda Elm günü ilə bağlı tədbirlər 18 mart 2022-ci il tarixdə davam etdirildi. İnstitutun müvafiq saylı əmri ilə təsdiq olunmuş 27 mart- Elm günü ilə bağlı tədbirlər planında nəzərdə tutulan Təltif olunmaya daha bir əməkdaşının, Təhsil şöbəsinin baş mütəxəssisi, Vəlizadə Sənubər xanım Vəli qızının 75 illik yubileyi əlavə olundu. İnstitutun alimlərinin, elmi, elmi-təşkilati fəaliyyətlərinin qiymətləndirilməsi və yubileylərinin təntənəli olaraq qeyd olunması ənənəsinə sadiq qalan institutun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov daha bir əməkdaşı, Sənubər xanım Vəlizadəni Fəxri Fərmanla təltif etmişdir. İnstitutdakı 48 illik əmək fəaliyyətinin 28 ilini yalnız kadrlar şöbəsində müvafiq işlərin təşkilinə, müdiri vəzifəsinə həsr eləmiş Sənubər xanım elmi-təşkilati işlərdə öz məhsuldar əməyi və yaradıcılığı ilə daima fərqlənmiş, bu müddət ərzində həmişə kollektivin rəğbətini və rəhbərliyin böyük etimadını qazanmışdır. Fəxri Fərmanı 75 yaşlı yubilyara təqdim edən institutun icraçı direktoru, b.ü.f.d. Mehrac Abbasov Sənubər xanıma bundan sonra da can sağlığı şəraitində fəaliyyətini uzun müddət davam etdirməsini, Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri b.ü.f.d. Vəli Qarayev isə institutun gənc alim və mütəxəssislərinə 75 il ömrü yaşamaqla elmdə yüksək zirvələri fəth etmələrini arzuladılar. Həmkarları hörmətli Sənubər xanımı və institutun bütün əməkdaşlarını, respublika ictimaiyyətini bir daha Növruz və 27 mart Elm günü münasibətilə təbrik etdilər. İnstitutun bayram əhval ruhiyyəli kollektivi Novruz bayramına həsr olunmuş tədbiri Bakının “Niaqara” şadlıq saryında davam etdirdilər.
© www.genres.az