XƏBƏRLƏR
13:19, 16.12.2021
AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının və Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Elmi Şurasının birgə iclasında GEİ-nin 2021-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunları müzakirə edilib.
İclasda AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, BTEB-nin və GEİ-nin elmi şuralarının üzvləri, eləcə də müvafiq mövzu və işlərin rəhbər və icraçıları iştirak edib. Tədbiri giriş sözü ilə açan akademik İradə Hüseynova öncə 2-ci Qarabağ müharibəsində qazanılmış Böyük Zəfərinin 1-ci ildönümü münasibətilə tədbir iştirakçılarını bir daha təbrik edib.
Akademik İradə Hüseynova AMEA-da aparılan struktur islahatları haqqında məlumat verərək bildirib ki, cari ildə GEİ-də baş direktor və icraçı direktor vəzifələrinə təyinatlar olub, strukturda dəyişikliklər edilib.
Sonra hesabatı təqdim etmək üçün söz GEİ-nin baş direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərova verilib. Məruzəçi institutun 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti, əldə edilmiş nailiyyətlər, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarından, Nazirlər Kabinetinin qərar və sərəncamlarından irəli gələn və dövlət proqramlarına uyğun olaraq AMEA-nın müvafiq tapşırıqlarının icrası, həmçinin mövcud problemlər və perspektiv planlar haqqında ətraflı məlumat verib.
AMEA-nın müxbir üzvü Zeynal Əkpərov bildirib ki, institutda elmi tədqiqatlar 3 istiqamət, 3 problem, 7 mövzu, 26 iş, 107 mərhələ üzrə aidiyyatı şöbə və laboratoriyalarda, Abşeron təcrübə təsərrüfat bazasında, habelə respublikanın ayrı-ayrı ekoloji bölgələrində fəaliyyət göstərən Qarabağ Elmi Tədqiqat Bazası, Quba Bölgə Təcrübə Bazası, Şəki, Tovuz və Ağdaş Elmi Təcrübə bazaları, Zuvand və Saray dayaq məntəqələrində, o cümlədən AR KTN Əkinçilik Elmi Tədqiqat İnstitutunun Qobustan və Tərtər bölgə təcrübə stansiyalarında yerinə yetirilib.
AMEA Genetik Ehtiyatlar İnstitutunda cari ildə Yumşaq buğdanın (T.aestivum L.) Leyla və Almaz, bərk buğdanın (T.durum Desf.) Alyans, arpanın (Hordeum vulgare L.) Nur, nar bitkisinin (Punica granatum L.) Fatimə sortları rayonlaşdırılıb və onlar üçün Aqrar Xidmətlər Agentliyi tərəfindən patent və müəlliflik şəhadətnamələri verilib. Azərbaycan mənşəli bərk buğda kolleksiyasında sekvens əsaslı genotipləşdirmə həyata keçirilib və 748 TNP markeri aşkar edilib. Azərbaycanda pambığın (G.hirsutum L.) orta lifli sortlarının yaradılmasına yönəldilmiş seleksiya proqramı həyata keçirilib, yeni yaradılan xətlər müxtəlif kriteriyalar üzrə qiymətləndirilib. Proqramın yekununda 3 seleksiya qrupu üzrə 20 iqtisadi əhəmiyyətli yeni xətt yaradılıb. Azərbaycanın müasir florasında Vicia L. cinsinə aid statusları mübahisəli olan bəzi taksonların biomorfoloji xüsusiyyətləri tədqiq edilib.
Zeynal Əkpərov institutda tədqiqatlarla alınmış bir sıra digər mühüm nəticələri də diqqətə çatdırıb.
Sonra o, qeyd edib ki, cari ildə institutda 4-cü magistr buraxılışı həyata keçirilib və bu il “Genetika”, “İnsan genetikası”, “Bitkilərin mühafizəsi” və “Bitkilərin seleksiyası” ixtisasları üzrə 5 nəfər məzun olub. 2021-ci ildə institutun magistraturasına 9 nəfər qəbul olunub. Hazırda institutun I kurs magistraturasında 9, II kursda isə 4 nəfər təhsilini davam etdirir.
İnstitutda 314 nəfər, o cümlədən 147 elmi işçi, 1 AMEA-nın müxbir üzvü, 5 elmlər doktoru, 71 fəlsəfə doktoru, 2 professor çalışır. İnstitut üzrə 2021-ci ildə 5 nəfər doktoranturanı bitirib, 1 fəlsəfə və 2 elmlər doktorluğu dissertasiyası müdafiə olunub. Hal-hazırda institutun 2 əməkdaşı Almaniyada tədqiqatlarını, 1 əməkdaşı ABŞ-da, 1 əməkdaşı İtaliyada və 1 əməkdaşı İngiltərədə təhsillərini davam etdirir.
İnstitut tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondundan 2 qrant alınıb. İnstitut 2021-ci ildə Avropa Birliyinin COST proqramı üzrə 2 yeni layihəyə, Trust Fondun isə 1 layihəsinə qoşulub.
İnstitutun əməkdaşları tərəfindən 156 elmi əsər çap olunub. Onlardan 68-i məqalə (39-u xaricdə), 84-dü tezis (44-ü xaricdə), 3-ü kitab, 1-i isə monoqrafiyadır. 15 məqalə Web of Science və Scopus bazalarına daxil olan jurnallarda nəşr edilib.
Tərtər rayonunun Şıxarx qəsəbəsində 22 oktyabr 2021-ci il tarixdə Zəfər Gününə həsr olunmuş “AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün yaradılmış "buğda və arpa sortlarının toxumçuluğunun təşkili məsələləri" adlı tarla seminarı və burada aparılan əkinlər regionda aqrar tədqiqatların bərpası istiqamətində atılmış ciddi addım olub.
Çıxışının sonunda AMEA-nın müxbir üzvü Zeynal Əkpərov perspektiv planlar haqda da geniş məlumat verib.
Məruzədən sonra AMEA-nın müxbir üzvləri Pənah Muradov, Nuru Bayramov, Əlövsət Quliyev, ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, t.ü.f.d., dosent Orxan İsayev və başqaları çıxış edərək hesabatın qəbul olunmasını təklif ediblər.
Hesabat məruzəsindən sonra aparılmış geniş müzakirələrə yekun vuran akademik İradə Hüseynova institutun fəaliyyətinin mühüm istiqamətləri üzrə iradlarını bildirib, lazımi tövsiyə və tapşırıqlarını verib.
 
 

FOTO>>>

 

© www.genres.az