XƏBƏRLƏR
23:36, 02.12.2021
Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu və Amerika Birləşmiş Ştatlarının “RVR İnternational” LLC şirkəti arasında birgə fəaliyyətə dair əməkdaşlıq müqaviləsi bağlandı
Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun Baş direktoru AMEA-nın müxbir üzvü Əkpərov Zeynal İba oğlu və Amerika Birləşmiş Ştatlarının “RVR İnternational” LLC şirkətinin direktoru Kərimov Ruslan Cavanşir oğlu şəxsində hər iki müəssisənin mövcud nizamnamələrinə uyğun olaraq narçılıq sahəsində birgə elmi-texniki əməkdaşlığa dair 02 dekabr 2021-ci il tarixdə müqavilə bağlanıldı. Predmeti ölkəmizdə narın dünya kolleksiyasının yaradılması olan Müqavilə GEİ-nin Tərtər rayonunda yerləşən Qarabağ Elmi-Tədqiqat Bazasında yerli Nar sort və formalarının toplanması, eləcə də xarici ölkələrdən sort və formaların Azərbaycana introduksiya edilməsinin elmi istehsalat əhəmiyyəti ilə yanaşı, həm də ictimai-siyası məna kəsb etmək məqsədini özündə ehtiva edir. Elmi əsaslarla öyrənilmiş məhsuldar nar bitkisinin istehsalatda əkinin genişləndirilməsi ölkə əhalisinin bu məhsula olan tələbatının ödənilməsi ilə yanaşı, həm də onun xarici ölkələrə ixracından ölkəmizə valyuta gətirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın 20%-dən çox ərazinin 30 ilədək müddətdə Ermənistan tərəfindən işğalına 2020-ci ilin 44 günü ərzində 2-ci Qarabağ müharibəsində son qoyulduqdan ötən bir il ərzində bölgədə, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında gedən bərpa və quruculuq işlərinə töhfə baxımından, bu müqavilə öz spesifik müstəsna xüsusiyyətləri ilə fərqlənir. Tədqiqatlar Müqavilənin müvafiq maddələrinə uyğun olaraq erməni işğalından azad olunmuş Tərtər rayonunun Şıxarx qəsəbəsində 1694 hektar torpaq sahəsi olan AMEA GEİ-nin Qarabağ Elmi-Tədqiqat Bazasında həyata keçiriləcəkdir. Ölkəmizdə qədim zamanlardan kənd təsərrüfatı sakinləri narçılığın inkişaf etdirilməsi ilə məşğul olurlar. Narlar Respublikanın bütün iqtisadi rayonlarında yetişdirilir. Son vaxtlar narçılığın inkişaf etdirilməsinə sahibkarların marağının daha da artması ilə yanaşı, həm də bu sahədə elmi tədqiqatların aparılması da geniş vüsət almışdır. Tədqiqatçı alimlərin - Z.İ.Əkpərov, N.Ə.Həsənov, S.V.Hacıyeva və E.S.Hacıyevin Bala mürsəl nar sortundan seçmə üsulu ilə aldıqları Fatimə nar sortunun keyfiyyət göstəriciləri yüksək olmaqla, həm də xəstəliklərə davamlıdır. Kürdəmir, Sabirabad, Ağsu, Göyçay, Biləsuvar, Beylaqan və Bərdə rayonlarında artırılması tövsiyə olunur. Bununla belə, ölkəmizdə narın genomu ilk dəfə olaraq Genetik ehtiyatlar institutunda oxunmuşdur. İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin çox sürətlə aparıldığı indiki şəraitdə Qarabağ iqtisadi rayonunun Tərtər rayonu Şıxarx qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu və Amerika Birləşmiş Ştatlarının “RVR İnternational” LLC şirkəti ilə narçılıq sahəsində birgə fəaliyyətin göstərilməsi ilə bağlanılan müqavilə, həm də kənd təsərrüfatının inkişaf etdirilməsi baxımından hər iki ölkənin maraqlarına uyğundur. Narçılığın elmi əsaslarla inkişaf etdirilməsinə sahibkarların marağının artması və əldə edilən nailiyyətlərin ictimaiyyətə davamlı olaraq çatdırılması üçün ölkədə maarifləndirmə tədbirləri tez-tez həyata keçirilir. Azərbaycan rəqsləri və musiqisinin müşayəti ilə hər il Göyçay şəhərində keçirilən Nar Bayramı mədəniyyət Festivalında müxtəlif sort narlarla yanaşı, həm də onlardan hazırlanmış nar məhsulları, o cümlədən nar şirələri nümayiş etdirilir. Nar bitkisi ölkəmizin mədəni sərvəti olmaqla yanaşı, həm də əhalinin sağlamlığında çox mühüm rol oynayan əvəzolunmaz mühüm ərzaq məhsulu istehsalçısıdır.
İnstitutun əməkdaşları, həm də regionun bir hissəsi olan Tərtər rayonunun Ermənistanın işğalından azad edilmiş Şıxarx qəsəbəsində, 1950-ci ildən 1989-cu ilədək erməni işğalınadək çox yüksək nailiyyətləri olmuş Qarabağ Elmi-Tədqiqat Bazasının erməni qəsbkarlar tərəfindən dağıdılmış bütün infrastrukturlarının bütünlüklə Ölkə Prezidentinin çağrışlarına cavab olaraq bərpa olunmasına var qüvvəsi ilə çalışacaq və bunun üçün bütün imkanlarından istifadə edəcəklər.