Karantin qaydalarına əməl olunmaqla 11 noyabr 2021-ci il tarixdə saat 11:00-da AMEA Genetik Ehtiyatlar İnstitutunun böyük akt zalında GEİ-nin Elmi işlər üzrə icraçı direktoru b.ü.f.d. Mehrac Abbasovun sədrliyi ilə İnstitutun Şəki Elmi-Tədqiqat Bazasının müdiri Coşqun İsrafil oğlu Məmmədovun fəlsəfə doktoru hazırlığı üzrə “Şəki-Zaqatala bölgəsində armud bitkisinin xalq seleksiyası nümunələrinin və onların yabanı əcdadlarının toplanması, tədqiqi və istifadəsi" mövzusunda dissertasiya işinin şöbələrarası müzakirəsi keçirildi. Müzakirədə Meyvə bitkiləri, İmmunogenetika, Ekobotanika və sistematika şöbələrinin elmi işciləri, habelə Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları iştirak etmişlər. İddiaçı Coşqun Məmmədov müvafiq prosedur qaydalarına uyğun olaraq dissertasiya işini tərtib olunmuş slayd formasında təqdim etdi. Təqdimatdan sonra mövzu ətrafında iştirakçıların müvafiq sualları Coşqun Məmmədov tərəfindən geniş və əhatəli olaraq cavablandırıldı. Bununla belə, dissertasiya işinin məzmununa xələl gətirməyən, slaydın tərtibatında və təqdimarında mövcud olan bir sıra nöqsanlar iddiaçının nəzərinə çatdırılmış və növbəti müzakirəyədək aradan qaldırılması tövsiyə olunmuşdur. Müzakirədə iştirak edən institutun Elmi şurasnın üzvləri, Meyvə bitkiləri şöbəsinin müdiri a.e.ü.f.d. Mirzə Musayev, Tərəvəz və bostan bitkiləri şöbəsinin müdiri b.ü.f.d. Sabir Həsənov, Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, b.ü.f.d. Vəli Qarayev dissertasiya işinin tədqiqat obyekti olan , ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatında meyvəçiliyin inkişaf etdirilməsində mühüm əhəmiyyətli armud bitkisinin xalq seleksiyası nümunələrinin və onların yabanı əcdadlarının səciyyəvi xüsusiyyətlərinin aşkara çıxarılmasının, həm də karantin obyektlərinə qarşı mübarizədə və digər müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsində mühüm elmi-nəzəri və praktik əhəmiyyətinin aktuallığını bildirmişlər. Dissertasiya işinin müzakirəsinin prosedur qaydalara uyğun olaraq digər mərhələdə davam etdirilməsini məqsədəuyğun hesab etmişlər. Elmi rəbər b.ü.f.d. Dilşad Bayramova çıxış edərək, iddiaçı Coşqun Məmmədovun apardığı dissertasiya işinə görə onun biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq olduğunu qeyd edərək, onun işğüzar bir tədqiqatçı olmaqla yanaşı, həm də yüksək mənəvi keyfiyyətlərə malik bir insan olduğunu da iştirakçıların nəzərinə çatdırmışdır. Dissertasiya işinin yerinə yetirilməsi və təqdimatla bağlı dəyərli təklif və tövsiyələrinə görə iştirakçılara öz minnətdarlığını bildirmişdir. İclasın sədri b.ü.f.d. Mehrac Abbasov sonda apardığı dəyərli, maraqlı dissertasiya işinə və təqdimata görə iddiaçı Coşqun İsrafil oğlu Məmmədova öz minnətdarlığını, onun biologiya üzrə fəlsəfə doktoru adına layiq olduğunu bildirdi. Təklif olunan irad, təklif və tövsiyələrin nəzərə alınaraq təqdimatın qısa müddət ərzində yeni redaksiyada hazırlanaraq müzakirə olunmaq üçün növbəti mərhələyə keçməsini məqsədəuyğun hesab elədi və ona uğurlar arzuladı. Uğurlar olsun.
© www.genres.az