Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsi və Genetik Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə 22 oktyabr 2021-ci il tarixində Böyük Zəfər Gününə həsr olunmuş “AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi -Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün yaradılmış buğda və arpa sortlarının toxumçuluğunun təşkili məslələri ” mövzusunda Tərtər rayonunun Şıxarx qəsəbəsində Tarla seminarı keçirilmişdir. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin üzvləri və müvafiq institutlarının əməkdaşları, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri, eləcə də özəl şirkətlərin və yerli təşkilatların nümayəndələri iştirak etmişdir. AMEA-nın vitse prezidenti, akademik İradə Hüseynova açılış nitqində seminar iştirakçılarını salamlamış və bildirmişdir ki, Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən 44 günlük ikinci Qarabağ müharibəsi nəticəsində yenilməz ordumuz tərəfindən işğal altında olan yurd yerlərimiz əsl sahibinə qaytarılmış, ərazi bütövlüyümüz təmin edilmiş və qədim Qarabağda çoxdan arzuladığımız elmi və mədəni tədbirlərin keçirilməsi üçün imkanlar yaranmışdır. Bu gün təşkil edilən tarla seminarı bölgədə elmin və aqrar sahənin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir və AMEA-nın prezidenti, hörmətli akademik Ramiz Mehdiyevin dəstəyi ilə təşkil edilir. Qədim Qarabağ torpağında keçirilən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin ilk tədbirində şəhidlərimiz hörmətlə anılmış və onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Akademik İradə Hüseynova qeyd etmişdir ki, müharibə zamanı mənfur düşmən döyüş meydanından qaçaraq sivil əhalinin yaşadığı rayonlarımızı atəş altında saxlamağa çalışmış, yüzlərlə evləri və yaşayış binalarını dağıtmış və nəticədə çox sayda sakinlərimiz həlak olmuşdur. Müharibə dövründə qəsbkarların namərd hücumuna məruz qalan rayonlarımızdan biri də məhz Tərtər rayonu olmuşdur. Bütün təhdidlərə baxmayaraq əhali rayonu tərk etməyərək ordumuzla bir sırada dayanmış və düşmənin torpaqlarımızdan qovulmasında mərdliklə iştirak etmişdir. Bu gün fəxarət hissi ilə Tərtər rayonunda tarla seminarını keçirərək 30 il ərzində düşmən tapdağında olan müqəddəs torpaqlarımızda bərəkət rəmzi olan buğda səpinini həyata keçiriləcəkdir. Möhtərəm prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində işğaldan azad olunmuş qədim yaşayış məskənlərimizdə həyatın canlanması üçün əməli tədbirlər həyata keçirilir. Xalq məsəlində təsadüfi deyilmir ki, torpağı qorumadınsa əkib-becərməyə, əkib-becərmədinsə qorumağa dəyməz. Bu gün qürur hissi ilə deyə bilərik ki, torpaqlarımızı düşmənlərdən qoruyan rəşadətli ordumuz və onu xalqın rifahı naminə əkib-becərə bilən əkinçilərimiz, müasir texnologiyalara sahib olan böyük şirkətlərimiz eləcə də təsərrüfatlarımızı yüksək məhsuldar sortlarla təmin edə biləcək ixtisaslaşmış elmi tədqiqat institutlarımız və böyük alimlər ordumuz vardır. İnanıram ki, yaxın gələcəkdə işğaldan azad edilmiş bütün əkinəyararlı torpaqlarımızdan səmərəli istifadə ediləcək və ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında önəmli addımlar atılacaqdır. Akademik İradə Hüseynova çıxışında xüsusilə vurğulamışdır ki, seminarın keçirildiyi Tərtər rayonunun Şıxarx qəsəbəsində vaxtilə AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazası yerləşirdi. Baza bölgədə aqrar elmin inkişafına xüsusi təsir göstərmiş, bölgədə təsərrüfatların yüksək məhsuldar bitki sortları və heyvan cinsləri ilə təmin olunmasında fəal rol oynamışdır. Təəssüf hissi ilə qeyd edilmişdir ki, 1988-ci ildən başlayaraq Qarabağın böyük bir hissəsi və Şərqi Zəngəzur ermənilər tərəfindən işğal edilmiş, Qarabağ Elmi-Tədqiqat bazası da digər müəssislərimiz kimi dağıdılaraq əmlakı mənimsənilmiş və talan edilmişdir. İlkin hesablamalara görə, işğal nəticəsində AMEA-ya 100 milyon dollardan çox ziyan vurulmuşdur. Bütün bunlara baxmayaraq AMEA-nın əməkdaşları bölgənin gələcəyinə inamla baxır və Qarabağ Elmi-Tədqiqat Bazasının qısa müddətdə bərpa ediləcəyinə böyük ümid bəsləyir. Əminiklə bildirilmişdir ki, baza bölgədə biomüxtəlifliyin öyrənilməsi, saxlanılması, eləcə də yeni bitki sortlarının və heyvan cinslərinin yaradılması istiqamətində aparıcı elmi-tədqiqat mərkəzinə çevriləcəkdir. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Tərtər rayonunun işğaldan azad edilmiş ərazilərində elmi tədqiqatların aparılmasına dəstək verilməsi” mövzusunda geniş nitq söyləmiş və bildirmişdir ki, Möhtərəm president İlham Əliyev cənablarının regionda başlatdığı böyük quruculuq işləri inamla davam etdirilir və yaxın gələcəkdə bölgə regionun və dünyanın elm, mədəniyyət və turizm mərkəzinə keçiriləcəkdir. AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarbağ Elmi Tədqiqat Bazasının Tərtər rayonunda yerləşməsinin xüsusi əhəmiyyəti vurğulanmış və bazanın bərpa olunması üçün İcra hakimiyyətinin bütün imkanlardan istifadə edəcəyi qeyd etmişdir. Tarla seminarında AMEA Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov tədbirin keçirilməsinə verilən dəstəyə görə AMEA rəhbərliyinə və Tərtər rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirmişdir. Z.Əkpərov seminarda “Qarabağ Elmi-Tədqiqat Bazasının bərpası, tədqiqat imkanları və perspektivləri” mövzusunda geniş təqdimatla çıxış etmişdir. O bildirmişdir ki, Qarabağ Elmi Tədqiqat Bazası işğaladək (1950-1989-cu illərdə) əldə etdiyi elmi nailiyyətlərə görə nəinki ölkə miqyasında, habelə dünyada tanınmış nüfuzlu elmi tədqiqat mərkəzlərindən biri olmuşdur. 40 ilədək nümunəvi elmi tədqiqat fəaliyyəti göstərən Bazanın əsas istiqamətləri dənli-taxıl, paxlalı, yem, texniki, meyvə, giləmeyvə, üzüm və s. bitkilərin və kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatlarının toplanması, öyrənilməsi, seleksiyada səmərəli istifadə olunması, yeni bitki sortları və heyvan cinslərinin yaradılması, onların ilkin toxumçuluğunun və damazlıq işinin təşkili və bu təcrübənin Qarabağ bölgəsi ilə yanaşı respublikanın digər rayonlarına da yayılması olmuşdur. Bazanın 1989-ci ildə erməni işğalına qədər 1694 ha ərazisi yüzlərlə yaşayış evi, 3 mərtəbəli inzibati və tədqiqat laboratoriyaları olan binası, 2 qonaq evi, 300 nəfərlik konfrans zalı, 2-mərtəbəli kitabxana, 100 yerlik uşaq bağçası, 5 otaqlı poliklinika, bütün xidmətləri olan 2 mərtəbəli 30 çarpayılıq xəstəxana, 6 otaqlı aptek və poçt binası, mağaza və ticarət zalı olan bina, 3 mərtəbəli toxumtəmizləyən zavod, 400 m2-lik 4 anbar, maldarlıq üçün 5 ferma binası, sudartan stansiya, 6 artezian quyusu, 6 transformator stansiyası, 100-dən artıq k/t texnikası traktor, kombayn, avtomaşın və b. avadanlıqları mövcud olmuşdur. Bunlardan əlavə bitki genefondunun 200 mindən artıq nümunəsi, dənli bitkilərin 20 mindən artıq dünya və yerli kolleksiya nümunələri, 20 mindən artıq nadir, təkraredilməz cinslərarası, növlərarası və təbii hibridlər, Azərbaycanın yerli camış cinslərilə Hindistan mənşəli yüksək məhsuldar “Murrah” camışlarının mayalanmasından alınan hibrid mələzlər, 200 baş cins mal-qara, 500 baş cins qoyun, 3000 baş quş, 500 sort meyvə və subtropik bitkinin, 200 üzüm sortunun genofond bağları və çox qiymətli seleksiya materialları, rayonlaşdırılmış sortların 3,5 min tondan çox elit, super elit və ilkin toxumçuluq materialları olmuşdur. 2003-cü ildən Bazanın əməkdaşları Tərtər rayonunda fermer təsərrüfatında öz tədqiqat işlərini davam etdirməyə başlamışlar. Bazanın əməkdaşları qaçqın şəraitdə də yeni taxıl sortlarının yaradılmasını və torpaqların işğaldan azad olunmasından sonra istehsalata tədbiq istiqamətində işlərini davam etdirmişlər. Bölgəyə aid aparılan tədqiqat işlərinin nəticəsində 7 yeni buğda (Maya və Alyans, Cənub, Almaz, Leyla, Start, Xəmsə) və 2 arpa (Uğur, Cəmil) sortu Dövlət Sort Sınağı Komissiyasına təqdim edilmişdir. AMEA-nın müxbir üzvü Zeynal Əkpərov bazanın bərpa perspektivləri haqda da planlarının olduğunu bildirmiş, müvafiq yol xəritəsinin və layihələrin hazırlandığını diqqətə çatdırmışdır. O əminliklə bildirmişdir ki, AMEA-nın Rəyasət Heyətinin dəstəyi sayəsində Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi Tədqiqat Bazası qısa müddətdə bərpa olunaraq əvvəlki ənənəsinə uyğun yenidən maraqlı, aktual elmi -nəzəri və praktik əhəmiyyətli elmi tədqiqatların aparılması mərkəzinə çevrilməklə sağlam və təhlükəsiz bitki sortlarının və heyvan cinslərinin yaradılması sayəsində ölkə əhalisinin etibarlı ərzaq məhsulları ilə təmin olunmasına yeni-yeni töhfələr veriləcəkdir. Tədbirdə, həmçinin AMEA Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri, b.ü.f.d., dosent Xanbala Rüstəmov və Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri, AMEA Genetik Ehtiyatlar İnstitutunun aparıcı elmi işçisi a.ü.f.d., dosent Abidin Abdullayev “Qarabağ iqtisadi rayonunda ərzaq təhlükəsizliyinin təmin edilməsində taxıl bitkilərinin seleksiyası və toxumçuluğunun rolu” mövzusunda, Kənd təsərrüfatı nazirliyinin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri a.e.ü.f.d. İmran Cümşüdovun rəqabətqabiliyyətli sortların yaradılmasında müasir innovasiyaların rolu”movzusunda geniş çıxış etmişlər.Müzakirələrdə akademik Qərib Məmmədov,AMEA-nın müxbir üzvi İbrahim Əzizov. “Aro Dairy”MMC-nin icraçı direktoruVahid Hacıyev iştirak ediblər. Tədbirin sonunda seminar iştirakçıları AMEA Genetik Ehtiyatlar İnstitutunun alimləri tərəfindən 2005-2021-ci illərdə yaradılmış sortların sərgi nümunələri ilə tanış olmuş, xatirə çinar, şam ağacları əkilmişdir və 30 ildən sonra ilk dəfə olaraq bazanın ərazisində buğda sortlarının toxumlarının səpininə start verilmişdir.
© www.genres.az