Onlayn formatda keçən anım tərbiri Xocalı soyqırımı qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməklə başladı.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov öz çıxışında erməni quldurları ilə birlikdə Sovet ordusunun 366-cı alayının törətdikləri Xocalı soyqırımını bəşəriyyət tarixində ən qanlı hadisələrdən biri olduğunu bildirərək vurğuladı ki, bu qanlı hadisə zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, 1275 nəfər dinc sakin isə əsir götürülmüşdür.
Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Xocalı soyqrımına hüquqi-siyasi qiymət verilmiş və möhtərəm prezident İlham Əliyev cənablarının apardığı davamlı və məqsədyönlü siyasət nəticəsində Xocalı soyqırımı bir sıra dövlətlər tərəfindən tanınmışdır. Z.Əkpərov həmçinin qeyd etdi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Müzəffər Azərbaycan ordusu Xocalı qurbanlarının qisasını almış və işğal altında olan ərazilərimiz geri qaytarılmışdır.
Sonra isə əslən Xocalıdan olan institutun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Əkbər Kərimov Xocalı soyqırımı haqda valideynlərinin və yaxın qohumlarının xatirələrini danışdı. O, çıxışında bildirdi ki, həmin hadisələr zamanı yaşı az olsa da baş verən hadisələrin şahidi olmuş və erməni qəsbkarları tərəfindən 10 nəfərdən çox qohumu şəhid olmuşdur.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş 10 dəqiqəlik videoçarx nümayiş etdirilmişdir.