XƏBƏRLƏR
20:17, 25.01.2021
AMEA Genetik Ehtiyatlar İnstitutu Avropa Komissiyasının 3 yeni layihəsinə qoşulmuşdur.

AMEA Genetik Ehtiyatlar İnstitutu 15 ildən artıqdır ki, Avropa Komissiyasının layihələrində aktiv iştirak edir. İnstitutun əməkdaşları Avropa Komissiyasının Erasmus Mundus, Marie Curie adına Beynəlxalq Tədqiqatçı Mübadiləsi Proqramı və COST proqramının müxtəlif layihələrində iştirak etmiş, 20-yə yaxın gənc tədqiqatçı elmi-tədqiqat işlərinin bir hissəsini Avropanın müxtəlif universitet və elmi mərkəzlərində yerinə yetirmiş, yeni metodlar öyrənmiş və müasir metodları ölkəyə gətirmişlər. 2019-cu ildə İnstitut COST proqramının 2 layihəsinə qoşulmuş və hal-hazırda həmin layihələr çərçivəsində müxtəlif ölkələrlə əməkdaşlıq davam etdirilir.

2020-ci ildə isə İnstitut COST proqramının 3 yeni layihəsinə qoşulmuşdur. Layihələrdən biri “Üzümün yaxşılaşdırılması üçün maksimum omiks məlumatlarının inteqrasiyası” layihəsidir. Layihədə İtaliyanın Verona Universitetinin rəhbərliyi altında əksər Avropa ölkələrinin tanınmış elmi mərkəzləri, eləcə də ABŞ, İsrail, Türkiyə, Tunis, Mərakeş və s. ölkələrin elm və təhsil müəssisələri iştirak edirlər. Azərbaycan tərəfdən isə layihədə AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun rəhbərliyi ilə AMEA Genetik Ehtiyatlar İnstitutunun Meyvə Bitkiləri şöbəsi, Biotexnologiya şöbəsi, Təhsil şöbəsi və Beynəlxalq Kompüter Genomikası laboratoriyasının əməkdaşları iştirak edirlər.

Genetik Ehtiyatlar İnstitutunun qoşulduğu digər bir layihə isə “Beynəlxalq Nukleom Konsorsiumu” layihəsidir. Layihəyə İspaniyanın Genom Analizləri üzrə Milli Mərkəzi rəhbərlik edir. Avropanın bütün ölkələrindən olan elmi-tədqiqat mərkəzləri ilə yanaşı, ABŞ, Rusiya, Yaponiya və Misirdən olan elmi mərkəzlərin əməkdaşları da layihəyə qoşulmuşdur. Azərbaycanı isə bu layihədə AMEA Genetik Ehtiyatlar İnstitutunun Biotexnologiya şöbəsi, Təhsil şöbəsi, İnsan Genetikası laboratoriyası və Beynəlxalq Kompüter Genomikası laboratoriyasının əməkdaşları təmsil edir.

AMEA Genetik Ehtiyatlar İnstitutu insan genomu üzrə tədqiqatların genişləndirilməsi, irsi və anadangəlmə xəstəliklərin molekulyar səviyyədə tədqiqi məqsədilə Avropa Komissiyasının COST proqramına daxil olan “Sklet əzələsi əlamətlərinin genomikası üzrə şəbəkə” layihəsinə də qoşulmuşdur. Layihədə Niderlandın Erasmus universitetinin rəhbərliyi ilə əksər Avropa ölkələrinin elmi mərkəzləri, həmçinin ABŞ, Avstraliya və Kanadanın tədqiqat mərkəzləri iştirak edirlər. Avropanın yaxın qonşu ölkələrindən isə yalnız Azərbaycan bu layihəyə qoşulmuşdur. Layihədə AMEA Genetik Ehtiyatlar İnstitutunun Biotexnologiya şöbəsindən b.ü.f.d. Mehrac Abbasov, Beynəlxalq Kompüter Genomikası laboratoriyasından b.ü.f.d. Orxan Mustafayev və İnsan genetikası laboratoriyasından Bayram Bayramov iştirak edirlər.

Qeyd olunan layihələrlə yanaşı, AMEA Genetik Ehtiyatlar İnstitutu 1 COST layihəsinin hazırlanmasında da iştirak etmiş və 2 əlavə layihəyə qoşulmaq üçün təklif almışdır. Hal-hazırda həmin layihələr üzə danışıqlar davam etdirilir.

İnstitutun qoşulduğu COST layihələri (5 layihə) çərçivəsində 2021-2025-ci illər ərzində Genetik Ehtiyatlar İnstitutundan çox sayda gənc tədqiqatçının Avropanın tanınmış mərkəzlərinə qısa və orta müddətli səfərləri planlaşdırılır.

 

© www.genres.az