b.e.d., professor NAİB XALİQ oğlu ƏMİNOV

 

Naib Xalıq oğlu Əminov 1938-ci ildə anadan olmuşdur. 1964 cü ildə Ümumi Rusiya Bitkiçilik İnstitunun aspiranturasına daxil olmuş, 1967-ci ildə aspiranturanı bitirmiş və paxlalı bitkilərdə endospermin işıq və elektron mikroskopunda tədqiqatına həsr olunmuş namizədlik dissertasiya işini müvəffəqqiyyətlə müdafiə etmişdir. 1967-ci ildən Azərbaycan Elmlər Akademiyası Genetika və Seleksiya institunda sitogenetika üzrə tədqiqatlara başlamışdır. Alim Genetika və Seleksiya İnstitutunda buğdaların əmələgəlmə prosesi, yabanı buğda və egilops növlərinin Azərbaycanda yayılması, genofondunun zənginləşdirilməsi, növ- və cinslərarası hibrid populyasiyalarından məqsədyönlü sitogenetik və fenotipik seçmə yolu ilə yüksəkməhsuldar buğda sortlarının yaradılması istiqamətində tədqiqatlar aparmışdır. O, respublikanın müxtəlif bölgələrinə təşkil olunan çoxsaylı yerli və beynəlxalq ekspedisiyaların rəhbəri və iştirakçısı olmuşdur. N.X.Əminov bəzi yabanı buğda növlərinin mənşəyi barədə mühakimələrin və eləcə də egilops növlərinin müasir mədəni buğdaların genomlarını təşkil etməsinə dair mülahizələrin müəllifidir. N.Əminov 2007-ci ildə buğda genomlarının təkamülü haqqında doktorluq dissertasiyası müdafiə etmiş və yabanı tetraploid buğdanın (T.araraticum) əmələgəlmə mərkəzinin İraq deyil, İran olması haqda fikir söyləmişdir. N.X.Əminov 2000-ci ildən 2018-ci ilə qədər AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. Həmçinin 2000-ci ildən həyatının sonunadək Molekulyar sitogenetika şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Onun rəhbərliyi ilə biri bərk (Saray) və digəri yumşaq (Abşeron) olmaqla 2 əmtəəlik buğda sortu yaradılaraq rayonlaşdırılmışdır. Professor N.X.Əminov biologiya üzrə 8 fəlsəfə və 1 elmlər doktoru hazırlamışdır. N.Əminov 120-dən artıq elmi əsərin, 1 monoqrafiya və 2 kitabın müəllifidir. Professor Naib Xalıq oğlu Əminov elmi nailiyyətlərinə görə 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.

Tanınmış alim 16 dekabr 2020-ci ildə vəfat etmişdir.