18 dekabr 2020-ci il tarixində AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və AMEA Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Elmi Şurasının birgə onlayn iclası keçirilmişdir.
İclasda AMEA-nın vitse-prezidenti, BTEB-in Elmi şurasının sədri, akademik İradə Hüseynova, BTEB-in və GEİ-nin Elmi Şuralarının üzvləri, eləcə də mühüm elmi nəticələrin müəllifləri iştirak etmişdir.
Tədbiri akademik İradə Hüseynova giriş sözü ilə açaraq 2020-ci ildə Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun vətən müharibəsində göstərdikləri qəhrəmanlıqdan danışmış, vətən müharibəsi ilə əlaqədar GEİ-nin də əməkdaşlarının Silahlı Qüvvələrin Yardım Fonduna və YAŞAT fonduna etdikləri ianələri qeyd edərək İnstitutun əməkdaşlarını Qələbə Bayramı və GEİ-nin Qarabağ Elmi Tədqiqat Bazasının işğal altında olan ərazilərinin geri qaytarılması münasibətilə təbrik etmişdir.
Akademik İ.Hüseynova 2020-ci ildə GEİ-də 2 nəfər elmlər doktorunun dünyasını dəyişməsini də təəssüf hissi ilə bildirmiş, onların ailələrinə və İnstitutun kollektivinə baş sağlığı vermişdir.
Akademik İradə Hüseynova GEİ-nin 2020-ci il üzrə elmi və elmi təşkilatı fəaliyyəti haqqında hesabatı İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun xahişi ilə GEİ-nin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru M.Abbasovun təqdim edəcəyini bildirmişdir.
M.Abbasov qeyd etmişdir ki, 2020-ci ildə pandemiya səbəbindən qısa və uzunmüddətli tətillərin olmasına baxmayaraq İnstitutda planlaşdırılan bütün elmi tədqiqat işləri yerinə yetirilmiş, olduqca mühüm elmi nailiyyətlər əldə edilmiş və təşkilatı fəaliyyət uğurla davam etdirilmişdir. O, 2020-ci ildə mövzu planına daxil olan tədqiqat işlərinin yerinə yetirilməsi ilə yanaşı Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələri və 8 dövlət proqramı üzrə yerinə yetirilən fəaliyyətlər haqqında qısa məlumat vermiş və hazırlanan geniş hesabatların BTEB-ə göndərildiyini vurğulamışdır. 2020-ci ildə mövzu planına uyğun olaraq İnstitutda 3 problem və 14 mövzu üzrə 24 işin 103 mərhələdə yerinə yetirildiyi iclas iştirakçılarının diqqətinə çatdırılmışdır. İnstitutda aparılan praktik tədqiqatlar nəticəsində yumşaq buğdanın (T.aestivum L.) “Cənub” və “Mərcani buğda”, bərk buğdanın (T.durum Desf.) “Korifey-88”, üzümün (Vitis vinifera L.) isə “Əlincə”, “Nərgizi” və “Naxçıvan muskatı” sortları rayonlaşdırılmış və Aqrar Xidmətlər Agentliyi tərəfindən patent verilmişdir. Tərəvəz bitkiləri üzrə aparılan tədqiqatlar zamanı isə ilk dəfə olaraq Abşeron şəraitində yerli və introduksiya olunmuş Şalot soğanı (Allium ascalonicum L.) sortlarının, keşniş (Coriandrum sativum L.) populyasiyalarının və pomidorun (Lycopersicon esculentum L.) sortlararası hibridlərinin məhsuldarlığına və xəstəliklərə davamlılığına görə qiymətləndirilməsi həyata keçirilmişdir. Pambıq bitkisi üzrə isə cari ildə 135 pambıq genotipi lifinin iqtisadi və keyfiyyət xüsusiyyətlərinə görə müqayisəli qiymətləndirilmiş, nümunələrin xarakteristikası, elektron sistemində sınaqdan keçirilmiş Yuxarı Yarım Uzunluq (UHML), Güc (Str) və Micronaire (Mic) kimi liflərin əsas keyfiyyət xüsusiyyətləri təhlil edilərək fərqli genotiplər seçilmişdir. Cari ildə mədəni bitki müxtəlifliyinin öyrənilməsi ilə yanaşı yabanı bitki müxtəlifliyinin də tədqiqi üzrə mühüm elmi nəticələr alınmışdır. Belə ki, ilk dəfə olaraq Paxlalılar fəsiləsindən mühüm yem əhəmiyyətli 4 cinsə aid (Üçyarpaq yonca (Trifolium), Gülülcə(Lathyrus), Lərgə(Vicia), Qarayonca(Medicago)) 30 növün toxumlarının mühüm biomorfoloji və taksonomik əlamətləri tədqiq edilmiş və qiymətləndirilmişdir. Azərbaycanda yayılmış 16 qarayonca (Medicago L.) cinsi növlərinə aid genotiplər isə molekulyar markerlər vasitəsilə qiymətləndirilmiş, sistematik mövqeyinə görə yaxın və uzaq genotiplər və növlərarası filogenetik əlaqələr müəyyənləşdirilmişdir.
2020-ci ildə Milli Genbankda saxlanılan nümunələrin sayı 8620-ə çatdırılmış, Mərkəzi Məlumat Bazası və kənd təsərrüfatı heyvanlarının kompüter məlumat bazasının fəaliyyəti təkmilləşdirilmişdir.
GEİ-də BTEB-in ikinci elmi istiqamətinə uyğun olaraq genetik ehtiyatların fizioloji, biokimyəvi, texnoloji və immunoloji qiymətləndirilməsindən alınan mühüm elmi nəticələr və bu istiqamətdə çap olunan elmi əsərlər nümayiş etdirilmişdir. Qeyd edilmişdir ki, keçən 10 il ərzində molekulyar tədqiqatlarla Azərbaycanının buğda, arpa və onların yabanı əcdadlarının ilkin əmələgəlmə mərkəzlərindən biri olduğu elmi faktlarla sübut edilmiş və bu sahə üzrə çoxsaylı beynəlxalq məqalələr çap etdirilmişdir. Cari ildə ilk dəfə olaraq, Azərbaycan mənşəli Aegilops nümunələrində DArTseq texnologiyası tətbiq edilmiş, 9 növə aid 150 nümunə üçün 30433 TNP və 61574 SilicoDArTseq markeri əldə olunmuşdur. Bundan başqa, NA-75 heksaploid tritikale xətti ilə Chinese Spring yumşaq buğda sortu arasındakı hibridləşmədən alınan 9 karlik (K) və 8 yarımkarlik (YK) xətlərin xromosom tərkibi molekulyar sitogenetik metodlarla (FISH və GISH) tədqiq olunmuş və onlardan birinin translokant (T4DS.7RL), səkkizinin əvəzolunmuş və 44 xromosomlu daha birinin 7RS-ə görə ditolosom əlavəolunmuş xətt olduğu aşkar edilmişdir. İnstitutda 2020-ci ildə ərzaq paxlalı bitkilərinin genetik ehtiyatlarının bütün kolleksiyalarının genetik müxtəlifliyinin molekulyar səviyyədə öyrənilməsi üzrə də tədqiqatlar davam etdirilmiş və cari ildə lərgə (Lathyrus sativus L.) nümunələrinin molekulyar markerlərlə genotipləşdirilməsi zamanı ümumilikdə 144 bənd sintez olunmuş, kolleksiya üçün polimorfizm faizi 86%, genetik müxtəliflik əmsalı 0.75 vahid olduğu müəyyən edilmişdir.
Hesabat məruzəsində GEİ-də genom səviyyəsində aparılan tədqiqat işləri haqqında da geniş məlumat verilmişdir. İnstitut tərəfindən nar genomu üzrə aparılan tədqiqatların uğurla davam etdirildiyi vurğulanmış, cari ildə 6 nar sortunun genomunun oxunduğu bildirilmiş və həmçinin Türkiyənin Erciyez Universitetinin əməkdaşları ilə birlikdə Yeni Nəsil Sekvensləmə Texnologiyalarından istifadə etməklə “Hacıhaliloğlu” ərik sortunun genomu de-novo sekvens olunduğu və K-Mer analizi ilə genomun ~270 milyon nükleotid uzunluğundan ibarət olduğu qeyd edilmişdir.
GEİ-də kompüter genomikası və insan genetikası sahələrində də ciddi tədqiqatların aparıldığı və cari ildə çoxsaylı məqalələrin dünyanın nüfuzlu jurnallarında dərc etdirildiyi bildirilmişdir. İnstitutun Biotexnologiya şöbəsinin tərkibində fəaliyyət göstərən Beynəlxalq Kompüter Genomikası laboratoriyasında koronovirusun minlərlə ştammının genom verilənlərinin sürətli analizi üçün yeni bioinformatik proqram hazırlanmış və ondan istifadə etməklə Çində yaradılan məlumat bazasından əldə edilmiş 77 ölkəni əhatə edən 17983 ədəd SARS-CoV-2 genomunun müqayisəli təhlili həyata keçirilmiş və Azərbaycanda ilk dəfə olaraq böyük genom verilənlərinin çoxistiqamətli analizi nəticəsində əldə edilən nəticələrin asan istifadəsini təmin etmək məqsədilə yeni vebsəhifə (https://ncov.bioset.org) yaradılaraq tədqiqatçıların ixtiyarına verilmişdir. Vebsəhifədə avtomatik olaraq ştamların filogenetik analizini aparmaq üçün imkanlar yaradılmışdır. Bundan başqa, laboratoriyanın əməkdaşları tərəfindən polisom profil üsulundan istifadə etməklə mRNT-nin ribosomlarla polisomal və monosomal fraksiyalar əmələ gətirmə xarakteri tədqiq edilmişdir. Cari ildə insan genetikası sahəsində də olduqca əhəmiyyətli elmi nəticələrin alındığı və onların dünyanın ən tanınmış və yüksək impakt faktorlu jurnallarda dərc olunduğu vurğulanmışdır. M.Abbasov bildirmişdir ki, İnstitutda insan genetikası sahəsində son vaxtlar planlı şəkildə tədqiqatların aparılmasına baxmayaraq artıq ən müasir 7 metodika optimallaşdırılmış, İnstitutda və dünyanın digər elmi mərkəzlərində çox sayda kadrlar hazırlanmışdır. Vaxtilə İnstitut tərəfindən dünyanın tanınmış elmi mərkəzlərinə göndərilən doktorantların artıq dünyanın nüfuzlu elmi jurnallarında elmi məqalələrlə çıxış etməsi bildirilmiş və cari ildə Almaniyanın Bonn Universiteti ilə birlikdə IFAP sindromuna malik, etnik cəhətdən fərqli 11 xəstədə tam ekzom sekvensləmə metodundan istifadə etməklə indiyədək xəstəliklə əlaqəsi məlum olmayan, yeni bir gendə - SREBF1 üç yeni heteroziqot mutasiya aşkar olunmuş, həmçinin kəskin resessiv distrofik epidermolizis bülloza diaqnozu qoyulmuş iki qardaşda bu xəstəliyin genetik səbəbləri araşdırılmış və tam ekzom sekvensləmə və Sanger sekvensləmə metodlarından istifadə edilərək, müvafiq olaraq hər iki qardaşda COL7A1 genində homozigot - c.7249C> G mutasiya aşkar edilmişdir. Bundan başqa, 2019-cu ildə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Nobel Mükafatçısı, professor Əziz Sancarın laboratoriyasına göndərilən əməkdaşın prof. Əziz Sancarla birlikdə elmi məqaləsinin Amerika Birləşmiş Ştatlarının Elmlər Akademiyasının məhşur PNAS jurnalında dərc edildiyi diqqətə çatdırılmışdır. Cari ildə İnstitutun əməkdaşları tərəfindən hazırlanan icmal məqalədə immunoterapiyanın hepatosellülyar karsinomanın müalicəsində xüsusi rolu əsas götürülərək T hüceyrə immunoglobulin mucin-3 (TIM-3) molekulunun siqnal ötürülməsi prosesləri, hepatosellülyar karsinomanın müalicəsində hədəf nöqtə olması və hepatosellülyar karsinomanın inkişafında immunometabolik vəziyyəti haqqında məlumatlar müqayisəli təhlil olunmuşdur.
2020-ci ildə institutut əməkdaşlarının 133 elmi əsəri çap olunmuşdur. Onlardan 93-ü məqalə (35-i xaricdə), 36-sı tezis (26-si xaricdə), 1-i dərs vəsaiti, 3-ü isə monoqrafiyadır.
Hesabat yığıncağında GEİ-də kadr hazırlığı, elmlə təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr, qrant layihələrində iştirak və Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası haqqında məlumat da elmi şuraların üzvlərinin diqqətinə çatdırıldı.
BTEB-in və GEİ-nin elmi şuralarının üzvləri təqdim edilən hesabatı yüksək qiymətləndirərək AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun rəhbərliyi ilə İnstitutda aparılan tədqiqatların səviyyəsinin ildən-ilə yüksəldiyini vurğulamış və hesabatın qəbul olunmasını bildirmişlər.
AMEA-nın vitse-prezidenti, BTEB-in Elmi şurasının sədri, akademik İradə Hüseynova GEİ-də əldə edilən elmi nəticələri və təşkilati fəaliyyəti yüksək qiymətləndirmiş, işğaldan azad olunmuş Qarabağ Elmi Tədqiqat Bazası, eləcə də büdcədən kənar vəsaitlərin cəlb edilməsi ilə əlaqədar öz tövsiyə və məsləhətlərini vermişdir.
© www.genres.az