XƏBƏRLƏR
00:00, 00.00.0000
AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi Tədqiqat bazası azad edildikdən sonra bərpa olunacaq
Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun Ağdərə bölgəsində yerləşən Qarabağ Elmi Tədqiqat bazası 1950-ci ildən 1989-cu ilin iyul ayına qədər dünyada tanınmış nümunəvi elmi-tədqiqat bazası kimi fəaliyyət göstərmişdir. Bazanın əsas fəaliyyət istiqamətləri dənli-taxıl, paxlalı, yem, texniki, meyvə, giləmeyvə, üzüm və s. bitkilərin və kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatlarının toplanması, öyrənilməsi, seleksiyada səmərəli istifadə olunması, yeni bitki sortları və heyvan cinslərinin yaradılması, onların ilkin toxumçuluğunun və damazlıq işinin təşkili və yayılması olmuşdur. Məlum olduğu kimi, 1989-ci ilin iyulunda erməni təcavüzkarları tərəfindən Qarabağ Elmi Tədqiqat bazası zəbt edilmiş, onun 1694 hektar torpaq sahəsi, yaşayış evləri, inzibati, təsərrüfat binaları, toxumtəmizləmə zavodu, anbarları, maldarlıq üçün ferma binaları, artezian quyuları, transformator stansiyaları, çoxlu miqdarda traktor, kombayn, avtomaşın və digər kənd təsərrüfatı maşınları, avadanlıqları, cins mal-qara sürüləri (200 baş iribuynuzlu cins heyvan, Azərbaycanın yerli camışları ilə Hindistanın “Murrah” camışları arasında alınmış hibridlər, 500 baş cins qoyun), meyvə, üzüm, subtropik bitkilərin genofond bağları (500 meyvə sortu), həmçinin başqa əmlakları zəbt edilərək mənimsənilmiş, tarimar edilmiş, respublika tabeliyində olan elmi-tədqiqat bazası keçmiş Mardakert rayon təşkilatlarının qərarı ilə qanunsuz olaraq meyvə-tərəvəzçilik sovxozuna çevrilmişdir. Bazada toplanmış bitki genetik fondu, o cümlədən dənli bitkilərin dünya və yerli kolleksiya nümunələri, nadir, təkraredilməz cinslərarası, növlərarası və təbii hibridlər, çox qiymətli seleksiya materialları (200 mindən artıq) və rayonlaşdırılmış sortların elit və ilkin toxumçuluq materialları işğal altında qalmış, meşə zolaqları, park və bağlarda olan meyvə ağacları qırılıb yandırılmış, əvəzedilməz genetik fond olan subtropik bitkilər tamam məhv edilmişdir. Bu günlərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz tərəfindən düşmənə verilən layiqli cavabilir, aparılan uğurlu əməliyyatlar qələbəni yaxınlaşdırır. Əminik ki, bütün torpaqlarımız, o cümlədən də Qarabağ Elmi Tədqiqat bazası tam şəkildə işğaldan azad edilərək qısa müddətdə bərpa ediləcək, orada yenidən geniş həcmdə elmi-tədqiqat işləri aparılaraq ölkənin ərzaq təhlükəsizliyinə real töhfələr veriləcəkdir. Zeynal ƏKPƏROV, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü