AMEA Genetik Ehtiyatlar İnstitutunda 10 noyabr Qələbə Gününə həsr olunmuş ümumi yığıncaq keçirilmişdir. İclasda İnstitutun bütün elmi işçiləri, əməkdaşları, o cümlədən İnstitutun regionlarda yerləşən elmi tədqiqat bazalarının (Qarabağ, Lerik, Tovuz, Quba) əməkdaşları iştirak etmişdir.
Z.Əkpərov institutun kollektivini möhtəşəm qələbə münasibətilə səmimi qəlbdən təbrik etdi vəbildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu 30 ilə yaxın bir müddətdə erməni qəsbkarları tərəfindən işğal altında saxlanılan qədim yurd yerlərimizi işğaldan azad etmiş və Azərbaycan xalqının gücünü və qüdrətini özünə qaytarmışdır. Z.Əkpərov bu sevincli günü xalqımıza yaşatdığına görə ölkə başçısı cənab İlham Əliyevə, Azərbaycan Ordusuna və həmçinin Azərbaycan Respublikasına daima mənəvi dəstək olan qardaş Türkiyə Cümhuriyətinin rəhbərliyinə dərin təşəkkürünü bildirdi. Qələbə münasibətilə AMEA rəhbərliyinin və BTEB-in rəhbərliyinin təbriklərini yığıncaq iştirakçılana çatdırdı.
Tədbirdə İnstitutun Azad Həmkarlar Təşkilatının sədri, b.ü.f.d. H.Sadiqov, elmi işlər üzrə direktor müavini, b.ü.f.d. M.Abbasov, şöbə müdirləri - b.e.d. prof. N.Əminov, b.e.d. A.Əsgərov, b.ü.f.d. V.Qarayev, b.ü.f.d. S.Həsənov, elmi tədqiqat bazlarının müdirləri və digər əməkdaşlar çıxış etdilər. Onlar öz çıxışlarında müzəffər Azərbaycan ordusunun rəşadətindən, həmçinin Azərbaycan diplomatiyasının uğurlarından danışdılar.
Sonda Şuşa, Xocalı, Zəngilan, Cəbrayıl və digər rayonlardan olan institut əməkdaşları illərdi həsrətində olduqları ata-baba yurdlarına nəhayət ki, gedə biləcəklərini sevinclə bildirdilər və savaşda yaralanan əsgərlərə Allahdan şəfa, şəhid olanlara isə rəhmət dilədilər.
İnstitutun alimləri və gənc mütəxəssisləri İnstitutun Qarabağ Elmi Tədqiqat Bazasının dağıdılmış infrastrukturunun bərpa edilməsi, tədqiqatların genişləndirilməsi, işğaldan azad olunan ərazilərdə institutun yeni dayaq məntəqələrinin yaradılmasını, aqro-biomüxtəlifliyin təftişi üçün elmi ekspedisiyaların təşkili və digər tədbirlərin həyata keçirilməsini təklif etdilər.
Sonda Z.Əkpərovun qələbə münasibətilə bir daha möhtərəm prezident İlham Əliyev cənablarına təşəkkür etdi və kollektiv tərəfindən verilən təkliflərin nəzərə alınacağını bildirdi.