XƏBƏRLƏR
16:50, 06.08.2020
Ölkədə su təsərrüfatının vəziyyətinin yaxşılaşdırılması sahəsində geniş elmi tədqiqatların aparılmasına dair müzakirələr aparılıb

Avqustun 6-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbiri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq gündəlikdəki məsələlərlə bağlı Rəyasət Heyətinin üzvlərinə məlumat verib.

İclasda Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirədə dövlət başçısının çıxışından irəli gələn məsələlərə dair geniş müzakirələr aparılıb.

Mövzu ilə əlaqədar çıxış edən akademik Ramiz Mehdiyev su təsərrüfatının vəziyyətinin yaxşılaşdırılması barədə Azərbaycan alimlərinin təkliflərinin hazırlanmasını yüksək dəyərləndirib. AMEA-nın böyük elmi potensiala malik olduğunu deyən akademiya rəhbəri alimlərimizin bu prosesdə yaxından iştirakının zəruriliyini vurğulayıb. Bu istiqamətdə fundamental tədqiqatların genişləndirilməsinə ehtiyac olduğunu deyən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tezliklə su obyektləri, meliorasiya və suvarma sistemləri barədə rəqəmsal kadastr xəritəsinin hazırlanmasının, mütəmadi monitorinqlərin aparılmasının, su təhlükəsizliyi ilə bağlı yarana biləcək problemlərin əvvəlcədən müəyyənləşdirilərək aradan qaldırılması yolları ilə bağlı elmi əsaslandırılmış təkliflərin hazırlanmasının vacibliyinə toxunub. Akademik Ramiz Mehdiyev həmçinin yaxın keçmişdə respublikada kəhriz sularından istifadənin geniş vüsət aldığını da xatırladıb, bu sahədə tədqiqatların zəruriliyini diqqətə çatdırıb.

Məsələ ilə bağlı AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyliİbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər Tofiq NağıyevDilqəm Tağıyevİradə HüseynovaRasim Əliquliyev və akademik-katib, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək fikir və təkliflərini bildiriblər.

Vurğulanıb ki, BMT-nin hesabatına əsasən, Azərbaycan gələcəkdə su böhranı ilə üzləşə biləcək dövlətlər sırasındadır və bu məsələyə ölkə rəhbərliyi səviyyəsində xüsusi diqqətin göstərilməsi təqdirəlayiq haldır. Artıq Rusiya, Ukrayna və İsrailin təcrübəsinin öyrənildiyini bildirən alimlər su probleminin həllində Azərbaycan alimlərinin iştirakı ilə müasir texnologiyalardan istifadənin, ölkəmizin su ehtiyatlarının və suya olan təlabatının müəyyənləşdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Bundan əlavə, kimyaçı alimlərimiz tərəfindən respublikanın su anbarlarında geniş müşahidə və monitorinqlər aparıldığını və hazırlanmış hesabatların müvafiq dövlət qurumlarına göndərildiyi vurğulanıb. Eyni zamanda, regionların ekoloji yüklənməsi istiqamətində kompleks tədqiqatlara ehtiyac olduğu bildirilib, quraqlığa davamlı və şoran torpaqlarda becərilən buğda sortları və digər bitki növlərinə dair tədqiqatların genişləndirilməsi tövsiyə edilib.

Müzakirələr nəticəsində AMEA-da su təsərrüfatının vəziyyətinin yaxşılaşdırılması üzrə tanınmış alimlərdən ibarət İşçi Qrupunun yaradılması qərara alınıb.

İclasda, həmçinin AMEA-nın prioritet istiqamətlərilə bağlı hazırlanmış təkliflərin elmi bölmələrdə müzakirələr edilərək müəyyənləşdirilməsinə qərar verilib.

Sonda gündəlikdə duran digər məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.