XƏBƏRLƏR
09:53, 25.05.2020
AMEA rəhbərliyi akademik İradə Hüseynovanı təbrik edib

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Akademiyanın vitse-prezidenti, akademik İradə Hüseynovanı anadan olmasının 55 illiyi münasibətilə təbrik edib.

AMEA rəhbəri tanınmış alimin Azərbaycanda molekulyar biologiya və botanika elminin inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, akademik İradə Hüseynova Bilologiya və Tibb Elmləri Bölməsinə, o cümlədən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutuna rəhbərlik etdiyi müddətdə bölməyə daxil olan elmi-tədqiqqat institutlarının fəaliyyətinin genişləndirilməsi və beynəlxalq aləmə inteqrasiyası istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

Akademik İ.Hüseynovanın rəhbərlik etdiyi bölmənin və onun tabeliyində olan institutların kollektivlərinin koronavirus pandemiyası dövründəki fəaliyyətini yüksək qiymətləndirən akademik Ramiz Mehdiyev bildirib ki, “Koronavirusla bağlı AMEA-da profilaktik tədbirlər haqqında” sərəncama əsasən, Biologiya və Tibb Elmləri Bölməsinin mütəxəssislərinə koronavirusdan qorunma üsulları ilə bağlı kütləvi informasiya vasitələrində maarifləndirici materialların dərc olunması barədə müvafiq tapşırıqlar verilib. Bu tapşırıqların icrası məqsədilə akademik İradə Hüseynova və onun rəhbərlik etdiyi bölmənin əməkdaşları kütləvi informasiya vasitələrində koronavirus pandemiyası ilə əlaqədar çoxsaylı çıxışlar edib, koronavirusdan qorunma üsulları ilə bağlı ictimaiyyətə məqalələr və müsahibələr təqdim ediblər.

Daha sonra AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev çıxış edərək görkəmli alim İradə Hüseynovanın fotosintezin biokimyası, biofizika və molekulyar biologiya sahəsində yüksəkixtisaslı mütəxəssis olduğunu söyləyib, onun elmi nəticələrinin dünyanın nüfuzlu nəşrlərində işıq üzü gördüyünü bildiriblər.

Tədbirdə çıxış edən AMEA Rəyasət Heyətinin digər üzvləri – AMEA-nın vitse-prezidentləri, akademiklər Rasim ƏliquliyevTofiq NağıyevDilqəm Tağıyev, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov akademik İradə Hüseynovanın elmi, pedaqoji və ictimai fəaliyyəti, eləcə də onun Azərbaycan elminin inkişafındakı xidmətləri barədə danışıblar.  

Akademik İradə Hüseynova AMEA rəhbərliyinə dərin minnətdarlığını ifadə edərək, həyatının bundan sonrakı mərhələlərində də Azərbaycan elminin inkişafı yolunda fəaliyyətini daha da genişləndirəcəyini vurğulayıb.

Sonda akademik İradə Hüseynovaya AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı təqdim olunub.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.