XƏBƏRLƏR
12:02, 26.02.2020
AMEA Genetik Ehtiyatlar İnstitutunda Xocalı Soyrımının 28-ci ildpnümü ilə bağlı tədbir keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda Xətai rayonu üzrə Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümü qeyd olunmuşdur.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Sonra tədbiri institutun Həmkarlar İttifaqının sədri, Texnologiya şöbəsinin müdiri Hamlet Sadıqov giriş sözü ilə açmışdır. O, Xocalı soyqırımı haqqında məlumat verərək bildirmişdir ki, XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş soyqırım cinayəti olan bu hadisə məqsədli şəkildə həyata keçirilmiş, yüzlərlə Xocalı sakini, mülki əhali, qadın, uşaq, yaşlılar amansızlıqla qətlə yetirilmişdir.

Daha sonra Xətai rayonu üzrə Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Fəranə Əliyeva çıxış edərək təşkilat haqqında məlumat vermiş, həmçinin tariximizə qanlı hərflərlə yazılan bu günün ağır nəticələrindən danışmışdır.

Tədbirdə Xocalı faciəsi şəhidlərinin ailə üzvləri, qazilər, Nərimanov rayonu üzrə Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Hətəm Məmmədov da iştirak etmişdir.

Həmçinin Fiziologiya şöbəsinin müdiri, professor Ramiz Əliyev çıxış edərək Xocalı faciəsi barəsində geniş məlumat vermişdir.

Sonra isə əslən Xocalı şəhərindən olan Texnologiya şöbəsinin böyük elmi işçisi Əkbər Kərimov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərində törədilən, özünün də canlı şahidi olduğu dəhşətli soyqırım həqiqətlərindən bəhs etmişdir.

Anım tədbirin sonunda Xocalı faciəsini əks etdirən video çarx nümayiş etdirilmişdir.

 

 

© www.genres.az