Fevralın 7-də AMEA-nın Əsas binasında görkəmli bioloq alim, həkim və pedaqoq, AMEA-nın müxbir üzvü Dəmir Hacıyevin anadan olmasının 90 illiyinə həsr edilən konfrans keçirilib.
Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) təşkilatçılığı ilə baş tutan tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək D.Hacıyevin Azərbaycan tibb elminin inkişafında və təbliğində müstəsna xidmətlərindən, alimin yüksək insani keyfiyyətlərindən danışıb. O, Dəmir Hacıyevin öz intellektual səviyyəsi, təfəkkürü və xarakteri ilə onu tanıyanlar arasında xüsusi hörmət qazandığını qeyd edib.
Görkəmli alimlə bağlı xatirələrini bölüşən AMEA rəhbəri Dəmir Hacıyevin 1964-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Tibbi biologiya və genetika kafedrasına rəhbərlik etdiyini və həmin dövrdə kafedranın elmi-tədqiqat və tədris proqramlarında mühüm dəyişikliklərin baş verdiyini qeyd edib. Bildirib ki, sözügedən kafedrada respublika faunasının pareontoloji baxımdan tədqiqi ilə məşğul olunub və bioloq alim ömrünün yarısını bu kafedranın yenidən qurulmasına həsr edib.
Akademik A.Əlizadə bioloq alimin yüksəkixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirdiyini vurğulayıb. O, D.Hacıyevin yaratdığı elmi məktəbin müasir dövrdə də uğurla fəaliyyət göstərdiyini, öz yeni nailiyyətləri ilə bütün dünyada tanındığını vurğulayıb.
Sonra çıxış edən BTEB-in akademik-katibi, akademik Əhliman Əmiraslanov görkəmli alimin elmi, pedaqoji və ictimai fəaliyyəti barədə məlumat verib. O, D.Hacıyevin fəaliyyətinin ATU ilə bağlı olduğunu, onun 30 ildən çox bu təhsil ocağında çalışdığını söyləyib.
Bildirib ki, alimin elmi tədqiqatlarının əsas istiqamətini paleontologiya, paleobiologiyа, paleoteratologiya və paleopatologiya, eləcə də zoologiya, stratiqrafiya, tibbi biologiya, tibbi genetika və kosmik biologiyanın təşkil edib.
Görkəmli alimin elmi əsərlərinin və dərsliklərinin, mühazirə və məruzələrinin böyük maraqla qarşılandığını deyən Ə.Əmiraslanov D.Hacıyevin tələbəsinin hazırda onun fəaliyyət göstərdiyi kafedraya rəhbərlik etdiyini diqqətə çatdırıb. O, D.Hacıyevin şəxsiyyətində xeyirxahlıq, peşəsinə olan sonsuz sədaqət hissi, tələbələrinə göstərdiyi qayğıkeş münasibət kimi keyfiyyətlərin cəmləndiyi vurğulayıb.
Daha sonraATU-nun Tib bi biologiya və genetika kafedrasının müdiri, dosent Vaqif Kərimovun “AMEA-nın müxbir üzvü Dəmir Hacıyevin elmi və elmi-təşkilati fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, alim uzun müddət Avrasiyanın miosen faunasını (hipparion) tədqiq edib. Qədim məməlilərin yeni cins və növlərini təsvir edib, Azıx mağarasında çoxtəbəqəli qədim insan düşərgəsini öyrənib. Bununla yanaşı, 60-cı illərdə Məmmədəli Hüseynov tərəfindən Dağlıq Qarabağın cənubunda aşkar edilmiş qədim insan məskəninin öyrənilməsində, dünya miqyasına qaldırılmasında Dəmir Hacıyevin böyük rolu olub. O, Azıx mağarasının 5-ci təbəqəsində aşkar edilən daş alətlərin Orta Aşel mədəniyyətinə mənsub olduğunu təsdiqləyib.
Tədbirdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli, Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova, Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov və digərləri çıxış edərək görkəmli alim haqqında xatirələrini bölüşüb, onun insani keyfiyyətlərindən, zəngin elmi yaradıcılığından danışıblar.
Sonda professor Dəmir Hacıyev haqqında sənədli film nümayiş etdirilib.
© http://bteb.science.gov.az/