XƏBƏRLƏR
19:51, 25.01.2018
Mədəni bitkilərin yabanı əcdadlarına aid 350-dən çox populyasiyanın toxum və herbari materialları toplanılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutu (GEİ) ilə Bitki Genetik Ehtiyatları üzrə Qlobal Etimad Fondu arasında ölkəmizdə mədəni bitkilərin yabanı əcdadlarının toplanması üzrə layihə müqaviləsi bağlanılıb və son üç ildə yerinə yetirilib. Layihənin icrasında beynəlxalq tərəfdaş Böyük Britaniya və Şimali İrlandiya Krallığının Kyu Botanika Bağları Təşkilatıdır. Layihə çərçivəsində respublikanın müxtəlif regionlarında keçirilən elmi ekspedisiyalarda mədəni bitkilərin yabanı əcdadlarına aid 350-dən çox populyasiyanın toxum və herbari materialları toplanılıb.

Bunu AZƏRTAC-a müsahibəsində GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov deyib. O bildirib ki, bununla yanaşı, alimlərinin resenziyalı, impakt faktorlu beynəlxalq jurnallarda, “Şpringe”r, “Elsevier”, “Academic Press” və digər tanınmış nəşriyyatlarda çıxan məqalələrinin sayı xeyli artıb. Son 15 il ərzində institutun əməkdaşlarının genetik ehtiyatlara dair müxtəlif problemləri əhatə edən 1400-dən çox elmi əsəri (1000-dən çoxu xaricdə), o cümlədən monoqrafiya və kitabları, 1200-dən çox məqaləsi dərc edilib. Eyni zamanda, institutda kadr hazırlığına xüsusi önəm verilir və bu istiqamət daim diqqət mərkəzində saxlanılır. İnstitutun 30-a qədər gənc mütəxəssis və alimi, doktorant və dissertantı beynəlxalq mərkəzlərdə, dünyanın ən qabaqcıl təhsil və elm ocaqlarında təlim keçib, qlobal elmi-tədqiqat layihə və proqramlarda iştirak edib. Son bir neçə il ərzində 7 elmlər doktoru, 33 fəlsəfə doktoru dissertasiyasının müdafiə edilməsi də təqdirəlayiqdir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə 2017-ci ildən institutda üç ixtisas (genetika, seleksiya və toxumçuluq, bioloji ehtiyatlar) üzrə Müdafiə Şurası fəaliyyətə başlayıb. Bu isə elmi kadr hazırlığının daha da gücləndirilməsinə səbəb olacaq.

Onun sözlərinə görə, alim və mütəxəssislərin bilik və bacarıqlarının yüksəldilməsində beynəlxalq elmi əməkdaşlıq mühüm rol oynayır. GEİ Azərbaycanda ilk dəfə Avropa Komissiyasının “Beynəlxalq tədqiqatçı mübadiləsi” proqramına qoşulub və 11 tədqiqatçının Almaniya, Fransa və Türkiyədə təcrübə kursu keçməsi təmin olunub. İnstitutun gənc alimi Beynəlxalq Biomüxtəliflik İnstitutunun elan etdiyi və böyük nüfuza malik Vavilov-Frankel Əməkdaşlıq Proqramının qalibi olub və proqram çərçivəsində 6 ay Avstraliyada tədqiqat işi aparıb. Hazırda iki əməkdaş Almaniya və İsveçrənin tanınmış universitetlərində doktorantura təhsili alır, iki alim ABŞ-da, bir nəfər Çində uzunmüddətli tədqiqat proqramlarında iştirak edir. Bundan başqa, son illərdə institutda və ya institut əməkdaşlarının iştirakı ilə ümumi məbləği bir neçə milyon manata çatan 30-dan çox beynəlxalq və yerli qrant layihələri icra edilib.

 

https://azertag.az/xeber/1131267