XƏBƏRLƏR
10:20, 08.05.2018
Gəncədə “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Gəncədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransda şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları, respublikamızda fəaliyyət göstərən elm-təhsil müəssisələrinin əməkdaşları, gənc doktorantlar və tədqiqatçılar, eləcə də Rusiya, Türkiyə, Gürcüstan və Ukraynadan olan alimlər iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları mərkəzin önündə ucaldılmış ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ilk öncə ulu öndər Heydər Əliyev haqqında qısametrajlı film nümayiş olunub.

Konfransı giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev dahi lider Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətindən, xüsusən onun rəhbərliyi dövründə respublikamızda elm və təhsilin inkişafı istiqamətində görülən çoxsaylı işlərdən danışıb. Qeyd edib ki, bütün fəaliyyəti xalqa və ölkəmizin milli maraqlarına xidmətlə bağlı olan ulu öndər hələ vəzifədə olduğu Sovet hakimiyyəti illərində respublikamızın elmi potensialının yüksəldilməsi üçün böyük işlər həyata keçirib. Respublikamızda, eləcə də Gəncə şəhərində çoxsaylı ali və orta ixtisas təhsili müəssisələri, elmi tədqiqat institutları fəaliyyətə başlayıb.

Elmar Vəliyev bildirib ki, dünya miqyaslı siyasətçi Heydər Əliyevin əziz xatirəsi onun qurub yaratdığı Azərbaycanın hər bir guşəsində olduğu kimi, qədim elm və mədəniyyət mərkəzi olan Gəncə şəhərində də əziz tutulur. Hər il Gəncə şəhərində ulu öndərin anadan olmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilir, müzakirələr aparılır.

Sonra Gəncə Dövlət Universitetinin rektoru, kimya elmləri doktoru, professor Yusif Yusibov ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə - istər Sovet hakimiyyəti, istərsə də respublikamız müstəqillik qazandıqdan sonrakı illərdə ali təhsil müəssisələrində mütəxəssis hazırlığının, xüsusən də yüksək ixtisaslı pedaqoji kadrların hazırlığı istiqamətində görülmüş işlərdən bəhs edib.

Ulu öndərin Azərbaycanda elmin inkişafı istiqamətindəki misilsiz xidmətlərindən danışan AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevrespublikamız müstəqillik əldə etdikdən sonra akademiyanın qorunub saxlanılmasının və onun işinin müasir tələblər səviyyəsində qurulmasının  ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlı olduğunu deyib.

Tədbirdə AMEA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə  prorektoru, tarix üzrə fəlsəfə doktoru Pərvin Kərimzadə, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova və başqaları çıxış edərək ulu öndərin siyasi fəaliyyəti, zəngin dövlətçilik təcrübəsi, Azərbaycanın inkişafı naminə misilsiz xidmətləri barədə ətraflı məlumat veriblər.

İki gün davam edən konfrans beş istiqamətdə, on yeddi bölmədə fəaliyyət göstərib. Konfransın gedişində ayrı-ayrı bölmələrdə 700-dən çox elmi məruzələr dinlənilib.

 

© www.science.gov.az