XƏBƏRLƏR
12:12, 02.05.2018
AMEA-da III Beynəlxalq Elm Festivalının yüksək səviyyədə təşkili ilə bağlı müzakirələr aparılıb

9-24 oktyabr 2018-ci il tarixlərdə Bakıda III Beynəlxalq Elm Festivalı keçiriləcək. Festival AMEA-nın təşəbbüsü, UNESCO-nun himayəsi, Bakı Şəhər İcra Hakimiyyəti, AR Prezidenti yanında Elmin İnkişafı Fondu, AR Prezidenti yanında Bilik Fondu, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Moskva Dövlət Universiteti və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq.

Bu gün AMEA-nın Əsas binasında III Beynəlxalq Elm Festivalının yüksək səviyyədə təşkili ilə əlaqədar görüləcək işlərin müzakirəsinə həsr olunan müşavirə keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə artıq 3-cü dəfədir keçiriləcək festivalın Azərbaycan elminin gələcək prioritetlərinin müəyyənləşdirilməsi və AMEA-da son 5 ildə əldə olunan nailiyyətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

“Müasir bilikləri təbliğ etmək, gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi-tədqiqat işlərinə marağı artırmaq festivalın əsas hədəflərindəndir”, – deyə bildirən alim akademiyanın bütün institut və təşkilatlarını bu mühüm tədbirdə fəal iştirak etməyə, əldə etdiyi son elmi və innovativ nailiyyətləri məqsədyönlü şəkildə təqdim etməyə çağırıb. AMEA rəhbəri bu tədbirlərin ardıcıl və səmərəli şəkildə həyata keçirilməsi məqsədilə İşçi qrupun yaradılmasının vacibliyini vurğulayıb.    

Sonra çıxış edən Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva Elm Festivalının AMEA-nın yeni elmi texnologiya və innovasiyalarının təqdim olunması, bilik və yeniliklərin populyarlaşdırılması, gənc nəsildə elmə marağın formalaşdırılması baxımından böyük rol oynayacağına əminliyini ifadə edib. O, festivalın Azərbaycanın müxtəlif şəhərlərində keçiriləcəyini, tədbir çərçivəsində bir sıra muzey, texnopark və digər məkanlara elmi ekskursiyaların təşkil olunacağını diqqətə çatdırıb.

Tədbirin sonunda akademiklər Vaqif FərzəliyevGövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvləri Tofiq MəmmədovMisir Mərdanov, professor İlham Məmmədzadə, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli və digərləri çıxış edərək Elm Festivalının yüksək səviyyədə təşkili istiqamətində fikir mübadiləsi aparıb, bir sıra təkliflər səsləndiriblər.

 

FOTO>>>

 

© www.science.gov.az