Aprelin 28-də Azərbaycanın tanınmış oftalmoloqu, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş “Oftalmologiyanın aktual problemləri” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyublar.
Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə əklil və tər çiçəklər düzülüb.
Görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.
Tədbiri giriş nitqi ilə açan Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanın tanınmış oftalmoloqu, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətlərindən danışıb. Bildirib ki, insanlara nur bəxş edən, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanan Zərifə xanım tibb elminin ən uca pillələrinə yüksəlməklə yanaşı, nümunəvi bir həyat yolu keçib. Onun həyat ideyaları və şəxsiyyəti bu gün də müasir Azərbaycan gəncliyi üçün əsl nümunədir.
Qeyd olunub ki, görkəmli oftalmoloq vaxtilə Azərbaycanda geniş yayılmış traxoma, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. Onun “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” və bu kimi digər monoqrafiyaları çap edilib. Tanınmış alim yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasına da böyük töhfələr verib.
Sonra çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə Zərifə xanım Əliyevanı böyük alim və gözəl insan kimi xarakterizə edib: "Mən onun haqqında yazı yazmalı olsaydım bu yazının başlığı “Əvəzolunmaz insan” olardı. Azərbaycanın XX əsrinin görkəmli alimlərindən biri olan Zərifə xanım, eyni zamanda, alicənab, nəzakətli və çox sadə bir insan idi. Gözəl bir ailədə doğulan Zərifə Əliyeva çox qayğıkeş ana olub və ölkəmizə layiqli övladlar yetişdirib”.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımov görkəmli alimin Azərbaycan elmini yüksəklərə qaldıraraq dünya səviyyəsində tanınmasında misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Zərifə xanım ölkəmizdə traxoma əleyhinə işlədilən mövcud dərman preparatların, ö dövrdə güclü antibiotik sayılan sintomisindən istifadənin ilk təşəbbüskarı olub.
Tədbirdə Rusiya Fasiləsiz Peşə Təhsil Tibb Akademiyasının rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Larisa Moşetova Zərifə Əliyeva ilə bağlı xatirələrini bölüşüb: “Zərifə xanım yalnız Azərbaycanın elmi üçün deyil, Rusiya oftalmologiyası üçün də uğurlu fəaliyyət aparıb. O, gözəl və təvazökar qadın olmaqla yanaşı, müdrik insan idi”.
Rusiya Fasiləsiz Peşə Təhsil Tibb Akademiyasının akademiki Alevtina Brovkina və Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin sədri Sunay Duman Zərifə Əliyeva haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, Zərifə Əliyeva ölkəsini traxoma bəlasından qurtarıb. Moskvada təhsil alan və elmi fəaliyyətini bu şəhərdə davam etdirən Zərifə xanımın həyat yolu gənclər üçün bir nümunədır”.
İki gün davam edən konfransda görmə orqanlarının peşə patologiyaları, oftalmologiyanın sosial məsələləri, oftalmoloji yardımın təşkili, uşaq yaşlarında görmə orqanının patologiyası, optik mühitlərin patologiyaları, refraksiya pozuntuları, korreksiya, qlaukoma, vitreoretinal patologiya, oftalmoonkologiya, görmə orqanının yoluxucu və parazitar xəstəlikləri, görmə orqanı zədələri, uşaq yaşlarında görmə orqanının patologiyası kimi məsələlər müzakirə edilib.
Tədbirdə Prezident İlham Əliyevin Sərəncamı ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimlərinə “Əməkdar elm xadimi” və “Əməkdar həkim” fəxri adları təqdim edilib. Konfransda, həmçinin səhiyyə nazirinin əmrinə əsasən mərkəzin bir sıra əməkdaşı “Səhiyyə əlaçısı” döş nişanı və “Fəxri fərman”la təltif olunub.
© www.science.gov.az