Aprelin 26-da Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib. Tədbirdə Bölmənin və BTEB bürosunun üzvləri, Bölmə üzrə AMEA-nın professorları, Bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri və aidiyyatı məsələlər üzrə dəvət olunmuş əməkdaşlar iştirak ediblər.
Bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib.
Elmi-təşkilati məsələlərdən ilk olaraq AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun şəbəkə infrastrukturunun modernləşdirilməsi məsələsinə baxılıb. AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev təqdimatla çıxış edərək Akademiya üzrə e-elmin formalaşması istiqamətləri, AzScienceNet şəbəkəsinin GÉANT şəbəkə infrastrukturuna inteqrasiyası haqqında məlumat verib, Genetik Ehtiyatlar İnstitutunda e-elmin vəziyyətindən, şəbəkə infrastrukturunun modernləşdirilməsindən, imkanlar və perspektivlərdən danışıb.
Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov rəhbərlik etdiyi qurumun şəbəkə infrastrukturunun modernləşdirilməsini yüksək qiymətləndirib, bu işdə İnformasiya Texnologiyaları İnstitutu əməkdaşlarının xidmətlərinin böyük olduğunu deyib. Z.Əkpərov bu istiqamətdə tədbirlərin davam etdiriləcəyini də vurğulayıb.
Sonra Bölmənin 2013-2017-ci illər üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi müzakirə edilib. Müzakirədən sonra Bölmə hesabatın Rəyasət Heyətinə təqdim edilməsini qərara alıb.
Gündəlikdə yer alan növbəti məsələ Bölmənin elmi müəssisələrində 2018-ci il üçün doktoranturaya və dissertanturaya qəbul planı ilə bağlı olub. Müzakirələrdən sonra təkliflər səsləndirilib müvafiq qərar qəbul edilib.
Tədbirdə Genetik Ehtiyatlar İnstitutunun Molekulyar sitogenetika şöbəsinin müdiri, biologiya üzrə elmlər doktoru Naib Əminov 80 illik, Zoologiya İnstitutunun Tətbiqi zoologiya mərkəzinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Barat Əhmədov 70 illik, Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının baş elmi işçisi, biologiya üzrə elmlər doktoru Sücəddin Quliyev 70 illik yubileyləri ilə əlaqədar Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif edilib, AMEA-nın müxbir üzvü Sudeif İmamverdiyevin 80 illik, Mərkəzi Nəbatat Bağının Örtülü şəraitdə becərilən bitkilər laboratoriyasının baş elmi işçisi, biologiya üzrə elmlər doktoru, professor Arif Bayramovun 80 illik, Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Asəf İsgəndərovun 75 illik, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Zemfira Cəfərovanın 85 illik yubileyləri ilə əlaqədar müvafiq qərarlar qəbul olunub.
Ümumi yığıncaqda Genetik Ehtiyatlar və Zoologiya institutlarının strukturunda dəyişikliklər edilməsi ilə bağlı AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması haqqında qərarlar qəbul edilib.
Bölmənin elmi müəssisələrində 2017-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri məsələsinə baxılıb. Bildirilib ki, bu il fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 15 nəfər qəbul olunub. Dissertasiya mövzuları müzakirələrdən sonra təsdiqlənib və AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsi qərara alınıb.
Sonda bir sıra kadr məsələlərinə baxılıb.
© http://bteb.science.gov.az/