Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin milli-mənəvi dəyərlərə söykənən, ölkənin iqtisadi yüksəlişini təmin edən müdrik siyasəti nəticəsində son illərdə elmi tədqiqat və təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilmiş, elmin inkişafına təkan verən bir neçə fond yaradılaraq, onların dəstəyi ilə ən müasir laboratoriyalar qurulmuş, yüksək ixtisaslı kadrlar hazırlanmışdır. AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda mövcud imkanlardan, xüsusilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun layihələrindən və AMEA-nın məqsədli elmi-tədqiqat proqramlarından istifadə etməklə biologiya elminin prioritet istiqamətlərində tədqiqat işləri xeyli dərinləşdirilmişdir. Burada milli genetik ehtiyatların müxtəlifliyinin, xüsusilə ölkə üçün strateji əhəmiyyət daşıyan bitkilərin öyrənilməsinə tətbiq olunan metodik baza zənginləşdirilmiş, beynəlxalq əlaqələndirmə, multidissiplinarlıq və məqsədyönlülük gücləndirilmişdir. Bu istiqamətdə atılan növbəti addım kimi, 2015-ci ildə AMEA-nın prezidenti akademik Akif Əlizadənin təşəbbüsü ilə nar bitkisinin molekulyar səviyyədə öyrənilməsi üçün AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun rəhbərliyi ilə elmi tədqiqat proqramı hazırlanaraq, AMEA Rəyasət Heyəti tərəfindən maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilmişdir.
Elmin aktual problemlərinə müasir elmi yanaşma tərzinə əsaslanan bu proqramda tədqiqat obyekti kimi nar bitkisinin seçilməsi təsadüfi olmamışdır. Azərbaycan narın ilkin əmələgəlmə və mədəniləşdirilmə mərkəzlərindən olmaqla, burada yaradılan və becərilən çoxsaylı nar sortları öz keyfiyyət xüsusiyyətləri, eləcə də ondan alınan müxtəlif qida və təsərrüfat məhsulları ilə tarixən dünya bazarında özünəlayiq yer tutmuşdur. 2015-ci ildə Bakıda yüksək səviyyədə təşkil edilmiş 1-ci Avropa yay oyunlarının rəsmi rəmzi olan nar həmçinin ölkəmizin milli simvollarından biri hesab olunur, məkan və şəxs adlarında, əfsanə və rəvayətlərdə, xalqın inancında özünəməxsus yer tutur.
Qeyd olunan Proqram çərçivəsində, ilkin olaraq, nar bitkisinin yerli xalq seleksiyası sortları və yabanı populyasiyalarının yayılma arealları müasir texnologiyalarla dəqiqləşdirilmiş, ilk dəfə olaraq, molekulyar marker texnologiyası ilə 85 yerli nar sortunun yüksək genetik müxtəlifliyi genomda mikrosatellitlərarası lokuslar əsasında təsdiq edilmiş, kolleksiya nümunələrinin genetik qohumluq dərəcələri müəyyənləşdirilmişdir. Bu böyük həcmli tədqiqatın nəticələri Springer nəşriyyatına daxil olan “Genetika” jurnalında nəşr olunmaq üçün qəbul edilmişdir. Nəhayət, aparılan məqsədyönlü araşdırmaların zirvəsi olaraq, AMEA Genetik Ehtiyatlar İnstitutunun koordinatorluğu, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Avstraliya, Rusiya, Amerika Birləşmiş Ştatları və Misir alimlərinin birgə iştirakı ilə, dünyada ilk dəfə olaraq, “Azərbaycan gülöyşəsi” nar sortunun təxminən 350 milyon nukleotid cütündən ibarət nüvə genomu oxunaraq annotasiya olunmuş, ABŞ-ın Biotexnologiya İnformasiyaları üzrə Milli Mərkəzi (NCBI) tərəfindən 13 dekabr 2017-ci il tarixində qeydə alınaraq dünya tədqiqatçılarının açıq (public) istifadəsi üçün həmin mərkəzin GenBank bazasında yerləşdirilmişdir (https://www.ncbi.nlm.nih.gov/nuccore/PGOL01000001.1). Eyni zamanda nar bitkisinin 6 orqan üzrə transkripsiya profili müəyyənləşdirilmişdir. Ümumi həcmi milyardlarla nukleotid olan bu məlumatların həm ayrılıqda, həm də bir sıra digər bitkilərə (şaftalı, üzüm, evkalipt və s.) aid müvafiq məlumatlarla ilkin müqayisəli bioinformatik analizi bir sıra maraqlı və önəmli elmi faktlar aşkar etmişdir. Müəyyən olunmuşdur ki, nar bitkisinin nüvə genomundə 5485 gen ailəsinə daxil olan 51160 potensial gen mövcuddur. Nar, şaftalı, evkalipt və üzüm bitkilərinin zülal kodlaşdıran genlərinin müqayisəsi nəticəsində nar və evkaliptin təkamül baxımından daha yaxın olduqları aşkar edilmişdir. Bundan başqa, nar bitkisinin nüvə DNT-sində müxtəlif tip mikrosatellitlərin – mono-, di-, tri-, tetra-, penta- və heksa-nukleotid təkrarların genomda təxmini sayı və paylanmasının ümumi profili müəyyənləşdirilimişdir. Mikrosatellitlər üzrə bu məlumatlar nar bitkisinin mənşəyinin və biomüxtəlifliyinin öyrənilməsi, kəmiyyət və keyfiyyət əlamətlərinin (genlərinin) asossiativ xəritələşdirilməsi üçün yeni, daha geniş imkanlar açmışdır.
Hazırda nar genomu üzrə aparılmış tədqiqatların ən mühüm nəticələri əsasında böyük həcmli elmi məqalə çapa hazırlanır və yaxın vaxtlarda tanınmış beynəlxalq elmi jurnallardan birinə təqdim olunacaqdır.