Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun doktorantı Əminə Rəkidə Mərfət qızı Türkiyədə 1 aylıq ezamiyyətdə olmuşdur. O, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun gənclər üçün elan edilmiş 8-ci Mobillik Qrant proqramı çərçivəsində Türkiyənin Kayseri şəhərində yerləşən Erciyes Universitetinin Genom və Kök Hüceyrə Tədqiqat Mərkəzinə səfər etmişdir.
Layihə çərçivəsində Dr. Kahraman Gürcanın elmi rəhbərliyi ilə “Azərbaycan mənşəli ərik genotiplərinin şarka xəstəliyinə davamlılığının molekulyar genetik tədqiqi” mövzusunda tədqiqat işi aparmışdır. Səfər zamanı ərik bitkisi nümunələrinin genetik müxtəlifliyinin və şarka xəstəliyinə davamlılığının tədqiqi istiqamətində ən yeni metodları öyrənmiş və ilk dəfə olaraq Azərbaycan mənşəli ərik genotiplərinin biomüxtəlifliyi 17 SSR markerinə görə həyata keçirilmiş, genetik cəhətdən oxşar və fərqli genotiplər müəyyənləşdirilmiş və populyasiya daxilində yüksək polimorfizmin olması müəyyən edilmişdir. Həmçinin ilk dəfə ərik nümunələrinin SSR profillərinə görə genetik identifikasiyası aparılmış, öyrənilən nümunələrin genetik strukturu müəyyənləşdirilmiş və pasportlaşdırılmışdır. Bundan başqa, ilk dəfə olaraq, ərik nümunələrinin şarka xəstəliyinə davamlılıq genləri əsasında skrininqi həyata keçirilmiş, nümunələrin xəstəliyə reaksiyası müəyyənləşdirilmiş və fərqli genotiplərdən ibarət əlamət kolleksiyası yaradılmışdır.
Tədqiqat zamanı, həmçinin Azərbaycan və Türkiyə mənşəli ərik genotipləri nümunələrinin genetik müxtəlifliyi və şarka xəstəliyinə davamlılığı müqayisəli analiz edilmiş və hər iki ölkədə mövcud olan ərik kolleksiyalarının yüksək genetik müxtəlifliyə sahib olduğu sübut edilmişdir.