XƏBƏRLƏR
22:15, 13.11.2017
AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun dəvəti ilə İran İslam Respublikasının Təbriz Universitetinin tanınmış professoru Seyyed Abolghasem Mohammadi Genetik Ehtiyatlar İnstitutunda olmuşdur

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun dəvəti ilə İran İslam Respublikasının Təbriz Universitetinin (TU) “Taxıl bitkilərinin molekulyar seleksiyası” mərkəzinin rəhbəri, Genetika və genomika üzrə tanınmış professor Seyyed Abolghasem Mohammadi GEİ-də olmuşdur.

Bir həftəlik səfər müddətində professor A.Mohammadi İnstitutda aparılan tədqiqatlarla tanış olmuş, birgə əməkdaşlıq imkanları müzakirə edilmiş və yaxın gələcəkdə biostatistika və molekulyar seleksiya üzrə İnstitutda bir həftəlik kursun təşkil edilməsi və birgə kadr hazırlığına başlanılması üzrə razılığa gəlinmişdir. İnstitutda təşkil olunan seminarda professor Mohammadi “Ərzaq təhlükəsizliyi üçün kənd təsərrüfatı və ətraf mühitin harmoniyasında Genomika: Yüksək məhsuldar və stress amillərə davamlı buğda genotiplərinin yaradılması” mövzusunda məruzə ilə çıxış etmiş, TU-da molekulyar seleksiya üzrə alınan tədqiqatların nəticələrini nümayiş etdirmişdir. Seminar zamanı alınan nəticələr yüksək maraq doğurmuş və geniş müzakirə edilmişdir. Bundan əlavə professor GEİ-də yeni yaradılmış İnsan genetikası qrupunun əməkdaşları ilə də görüş keçirmiş və “İnsanda xəstəlik genlərinin xəritələşdirilməsi; Populyasiya genomikasının perspektivləri” mövzusunda mühazirə oxumuşdur. Həmçinin iki qurum arasında əməkdaşlıq müqaviləsinin hazırlanması üzrə danışıqlar aparılmışdır.

 

FOTO>>>

 

©  www.genres.az