XƏBƏRLƏR
21:24, 28.09.2017
AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Salyanda pambıqçılıqla bağlı keçirilmiş seminar iştirak etmişlər

Azərbaycan Respublikası Kənd Təsərrüfarı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə Salyan şəhəri Dövlət Sort Sınağı Məntəqəsində “Pambığın yeni sortlarının sınağı və qiymətləndirilməsi” mövzusunda seminar keçirilmişdir.

Tədbirin keçirilməsində məqsəd kənd təsərrüfatı iqtisadiyyatının şaxələnməsində özünəməxsus rolu olan pambığın sort sınağında olan müxtəlif sortları, onların bioloji-təsərrüfat xüsusiyyətlərinin qiymətləndirilməsi və yerli şəraitə uyğun sortların seçilməsi olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun (GEİ)-ninTexniki və yem bitkiləri şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Məmmədova və aparıcı elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Gülşən Abduləliyevanın da iştirak etdiyi seminarda FAO nümayəndəsi görülən işlər barədə məruzə ilə çıxış etmiş, tədbirinəhəmiyyətini diqqətə çatdırmışdır.

Mövzu üzrə bir sıra alim və mütəxəssislərin çıxışları dinlənilmiş, müzakirələr aparılmışdır. Yerli və xarici sortların hibridləşdirilməsi ilə təsərrüfat əhəmiyyətli əlamətlərə və yüksək lif keyfiyyətinə malik yeni sortların yaradılması kimi faydalı təkliflər irəli sürülmüşdür.

Sonra sınaq müddətində olan sortların qiymətləndirilməsi üçün Dövlət Sortsınağı sahələrinə baxış keçirilmiş və 29 yerli və xarici seleksiya sortları üçün qiymətləndirmə aparılmışdır. Həmin nümunələr arasında GEİ-nin patent sahibi olduğu “Bayraqdar”, “Zəfər”, “Qarabağ-11” və “Ələkbəri” pambıq sortları da nümayiş etdirilmişdir.Bu məqsədlə sortlar rəqəmlərlə işarə edilmiş, tarla şəraitində seminar iştirakçıları tərəfindən hər bir sort fərdi olaraq yetişkənliyinə, xəstəliklərə və ziyanvericilərə qarşı davamlılığına, məhsuldarlığına və s. göstəricilərə görə 1-5 balla qiymətləndirilmişdir.

Tədbir zamanı yerli pambıq sortlarının toxumçuluğunun təşkili, daha adaptiv sortların təsərrüfatlarda istifadəsi ilə bağlı müzakirələr aparılmışdır.

 

©  www.genres.az