Sentyabrın 21-də AMEA Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib.
Tədbirdə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, büro üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisə və təşkilatların rəhbərləri və Azərbaycan Tibb Universiteti Onkoloji Klinikasının nümayəndələri iştirak ediblər.
Əvvəlcə akademik Ə.Əmiraslanov gündəlikdəki məsələlər barədə məlumat verib.
Sonra alim uzun illər xaricdə onkologiya sahəsində fundamental tədqiqatlar aparan, bir sıra aparıcı elmi jurnallarda məqalələrlə çıxış edən, ABŞ-ın Nebraska Universiteti nəzdindəki Tibb Mərkəzinin laboratoriya müdiri, professor Tahir Tahirovu tədbir iştirakçılarına təqdim edib.
Daha sonra professor T.Tahirov “İnsan genomunun transkripsiyası və replikasiyası” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə elmə məlum olmayan tərəflərlə bağlı ilk dəfə tədqiqat işlərinin aparıldığı diqqətə çatdırılıb.
Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. T.Tahirovun bəzi institutlarla birgə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi məqsədilə müzakirələr aparılması qərara alınıb.
İclasda, həmçinin AMEA Zoologiya İnstitutunun İnformasiya və innovasiya şöbəsinin İctimaiyyətlə əlaqələr şöbəsinə birləşdirilməsi, AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi şurasının tərkibində dəyişiklik edilməsi, AMEA-nın Zoologiya İnstitutunun baş elmi işçisi, biologiya üzrə elmlər doktoru, professor Zəkəriyyə Məmmədovun 80 illik yubileyinin keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Sonda bir sıra kadr məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul olunub.
©www.science.gov.az