XƏBƏRLƏR
18:37, 20.09.2017
AMEA Genetik Ehtiyatlar İnstitutunda Həmkarlar Təşkilatının illik hesabatı keçirilmişdir

zərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Həmkarlar Təşkilatının (HT) 2012-2017-ci illərə dair hesabat-seçki yığıncağı keçirilmişdir. Tədbirdə İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və AMEA Azad Həmkarlar İttifaqının (AHİ)  sədr vəzifəsini icra edən professor Habil Qurbanov da iştirak etmişdir. Yığıncaqda İnstitututun HT-nın sədri, biologiya üzrə fəlsəfə doktoru Hamlet Sadıqov təşkilatın 5 illik fəailiyyəti barədə geniş məlumat vermiş və hesabat yekdilliklə qəbul olunmuşdur.

Qeyd edilən illər ərzində İnstitutun Elmi Şurası ilə birlikdə seminarları olmuş və ümumilikdə təşkilatın 15-19 iclası keçirilmişdir.

İnstitutda elmi konfransların keçirilməsində, magistratura və doktoranturaya kadrların seçilib qəbul edilməsində, əməkdaşların attestasiyasında, ictimai məsələlərin, əmək münasibətlərinin həllində İnstitutun rəhbərliyi ilə birlikdə HT fəal iştirak etmişdir. Hesabat dövründə İnstitutun əməkdaşlarının yubileyləri qeyd edilmiş, onların bəziləri AHİ-nin Fəxri Fərmanı ilə təltif edilmiş, maddi yardımla əlaqədar verilmiş ərizələrə baxılmış, Nizamnaməyə əsasən İnstitutun əməkdaşlarına ildə bir dəfə olmaqla ümumi qaydada yardım edilmişdir.

    İstirahət zonalarına və turist bazalarına gəzintilər təşkil edilmiş, sanatoriyalara (Bilgəh, Naftalan, Şəfa, Abşeron, Nabran, Palıdlı, Park Qusar, Xəzər, Meşəbəyi) yollayış vərəqələri verilmişdir. Gənclərdən ibarət institutun futbol klubunun üzvlərinə lazımi geyim və formaların alınması həyata keçirilmişdir. Belə ki, HT futbol üzrə I Spartakiadanın keçirilməsində yaxından iştirak etmiş və bu yarışmada GEİ-nin futbol komandası III yerə layiq görülmüşdür. İnstitutun əməkdaşlarına Azərbaycan Dövlət Dram və Gənc Tamaşaçılar Teatrına biletlər verilmiş, xəstə və sosial həyat şəraiti məhdud olan əməkdaşlara və dünyasını dəyişmiş əməkdaşların ailə üzvlərinə müəyyən yardımlar edilmişdir.

Həmçinin İnstitutda 31 dekabr Dünya Azərbaycanlıların Beynəlxalq Həmrəylik günü və Yeni il, Novruz bayramı, 28 May Respublika, Müstəqillik və 8 Mart Beynəlxalq Qadınlar Günü, Ramazan və Qurban kimi dini bayramlar qeyd edilmiş, Azərbaycanın qan yaddaşı olan 20 Yanvar, Xocalı Faciəsi, 31 Mart Soyqırım günlərinin anım mərasimləri təşkil edilmişdir. Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyətinin Binəqədi şöbəsinə müvafiq yardımlar göstərilmişdir.

 Beləliklə, GEİ HT-nın çoxillik fəaliyyətində əməkdaşların gündəlik elmi fəaliyyətlə məşğulluğu, sosial şəraitləri, mədəni-kütləvi istirahətləri daim nəzərdə olmuş və onların icrası Nizamnamə və qanuna uyğun olaraq aparılmışdır.

Tədbirdə geniş məruzə ilə çıxış edən H.Qurbanov AMEA AHİ-nin ümumilikdə Akademiya əməkdaşları üçün yaradılmış imkanları haqqında məlumat vermişdir.

İclasın sonunda HT-nın yeni tərkibi səsvermə yolu ilə təsdiq olunmuşdur.

 

 

Foto>>>

 

 

©  www.genres.az