XƏBƏRLƏR
14:59, 18.09.2017
Azərbaycan ilə Fransa arasında elm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Fransanın Kimyəvi Tədqiqatlar Fondunun prezidenti Bernar Menyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan alimlərinin Fransanın müxtəlif elmi mərkəzləri ilə əlaqələrindən söhbət açan AMEA-nın rəhbəri neft və qaz, geologiya, arxeologiya, coğrafiya, fəlsəfə, kosmik tədqiqatlar və digər sahələrdə səmərəli əməkdaşlığın olduğunu bildirib. Bu əlaqələrin genişlənməsində Fransanın Azərbaycandakı səfirliyinin rolunu vurğulayan A.Əlizadə gələcəkdə də AMEA-nın bu ölkənin müvafiq elm və təhsil müəssisələri ilə əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduğunu deyib. Akademik qonaqlara AMEA-nın ayrı-ayrı qurumlarının, o cümlədən Yüksək Texnologiyalar Parkının fəaliyyəti, elmi nəticələrin istehsalatda tətbiqi və elmin kommersiyalaşması sahələrində görülən işlər barədə məlumat verib.

B.Menye Azərbaycana səfərinin əsas məqsədinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetinin yeni binasının açılışında iştirak etmək olduğunu deyib. O, bu ali məktəbin gələcəkdə ölkə təhsilinə böyük töhfələr verəcəyinə əminliyini ifadə edib. Fransanın müvafiq qurumlarının AMEA ilə sıx əməkdaşlığından məmnunluğunu bildirən B.Menye gələcəkdə ölkələrimiz arasında elmi əlaqələrin daha da genişlənməsinin zəruriliyini vurğulayıb.

Fransanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin araşdırmalar və innovasiyalar şöbəsinin baş direktoru Alen Berets ölkələrimiz arasında mövcud elmi əlaqələrdən, təcrübə mübadiləsindən danışıb. AMEA-nın Fransanın Monpelye Universiteti ilə sıx əməkdaşlığından və iki qurum arasında gələcəkdə imzalanacaq sazişdən söz açan A.Berets ölkəsinin digər elm və təhsil mərkəzlərinin də Azərbaycanın müvafiq təşkilatları ilə əlaqələrin yaradılmasında maraqlı olduğunu deyib. İnnovasiya sahəsində həyata keçirilən layihələrdən, iki ölkə arasında doktorant mübadiləsindən danışan qonaq gələcəkdə də bu kimi sahələrdə ikitərəfli əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb.

Görüşdə Strasburq Universitetinin vitse-prezidenti xanım İren Jakoberger, riyaziyyat və kompüter elmləri departamentinin rəhbəri Pyer Kollet, Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət və əməkdaşlıq məsələləri üzrə müşaviri Yohan Şiterer iştirak ediblər.

 

©www.science.gov.az