XƏBƏRLƏR
21:13, 05.09.2017
AMEA ilə Kanadanın Ontario əyalətinin Tədqiqat, İnnovasiya və Elm Nazirliyi arasında əməkdaşlıq əlaqələri qurulur

Sentyabrın 5-də AMEA Rəyasət Heyətində Kanadanın Ontario əyalətinin tədqiqat, innovasiya və elm naziri Reza Moridinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirildi.

Öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə rəhbərlik etdiyi elm ocağının yaranma tarixi və fəaliyyəti haqqında qonaqlara məlumat verdi. O, 72 illik tarixi olan akademiyada elmin prioritet istiqamətlərində araşdırmalar aparıldığını, çoxsaylı innovativ layihələrin həyata keçirildiyini diqqətə çatdırdı.

Sonra alim AMEA-da 2015-ci ildən etibarən magistratura pilləsinin təşkil olunduğunu qeyd edərək bildirdi ki, belə bir addımın atılmasında əsas məqsəd gəncləri elmi mühitə cəlb etmək, onların elmi təfəkkürünü artırmaqdır: “Akademiyanın magistratura pilləsində təhsil alan tələbələrin digərlərindən fərqi ondan ibarətdir ki, burada onlar bakalavr təhsilindən sonra elmi laboratoriyalarda təcrübə keçə biləcəklər.”

2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış AMEA Yüksək Texnologiyalar Parkı (YTP) haqqında məlumat verən AMEA rəhbəri bildirdi ki, bu Park innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, ölkə iqtisadiyyatının davamlı inkişafına təkan verəcək.

A.Əlizadə YTP-nın davamlı inkişafı üçün Kanadanın müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislərinin təcrübəsinin öyrənilməsinin vacib olduğunu qeyd etdi, hər iki ölkənin alimlərini bu istiqamətdə birgə əməkdaşlığa çağırdı.

Sonra çıxış edən Kanadanın Ontario əyalətinin tədqiqat, innovasiya və elm naziri R.Moridi təmsil etdiyi əyalət haqqında məlumat verdi. Onun sözlərinə görə, Kanadanın 10 əyalətindən biri olan Ontario ümumu daxili məhsulun həcminə görə ölkənin öndə gedən bölgələrindəndir. Bildirdi ki, bir çox qabaqcıl ali məktəblərin fəaliyyət göstərdiyi bu əyalətdə fundamental elmlərin inkişafına böyük vəsait ayrılır.

Ontarioda 8 innovasiya mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən qonaq burada həm böyük, həm də kiçik innovasiya parklarının yaradıldığını bildirdi. O, əyalətdə informasiya texnologiyaları da daxil olmaqla, tibb, iqtisadiyyat, təbiət elmləri kimi sahələrdə araşdırmalarla məşğul olan tədqiqat institutlarının və böyük yeraltı laboratoriyanın mövcud olduğunu diqqətə çatdırdı.

Sonda akademiya ilə əməkdaşlığın qurulmasında maraqlı olduqlarının bildirən R.Moridin AMEA alimlərini innovasiya parkları və elmi müəssisələrlə tanış olmaq məqsədilə Ontarioya dəvət etdi.  

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın akademik-katibi, akademik Rasim ƏliquliyevBeynəlxalq Əlaqələr İdarəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəhbəri Zülfüqar Fərzəliyev də iştirak edirdilər.

 

 

© www.science.gov.az