Şəki şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və AMEA Şəki Regional Elmi Mərkəzinin (ŞREM) birgə təşkilatçılığı ilə “Azərbaycanda ipəkçiliyin müasir innovativ texnologiyalarla inkişafı” mövzusunda regional seminar keçirilib.
“Azərbaycanın şimal-qərb bölgəsi timsalında aqrar sahənin inkişafı üzrə innovativ tədbirlər paketi və aqro-ekoloji modelin işlənib hazırlanması” layihəsi çərçivəsində gerçəkləşən seminarda Şəki, Zaqatala və Oğuz rayon İcra Hakimiyyəti aparatlarının aqrar məsələlər üzrə mütəxəssisləri, rayon Kənd Təsərrüfatı İdarəsinin əməkdaşları, ipəkçilik sahəsində təcrübəli fermerlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə ŞREM-in elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov açaraq regional seminarın əhəmiyyətindən danışıb. Bildirib ki, tədbirdə ipəkçiliyin inkişaf etdirilməsi ilə bağlı aktual elmi mövzulara dair məruzələr dinləniləcək, son illər ipəkçilik sənayesi və barama istehsalı ilə bağlı problemlər müzakirə olunacaq və onların həlli yolları araşdırılacaq.
Sonra ŞREM-in direktoru, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü “Ekoloji təmiz ipək istehsalı ilə bağlı qoyulan tələblər” mövzusunda məruzəsini təqdim edib. Alim Azərbaycanın Şəki, Şamaxı, Bərdə və Qarabağ kimi tarixi ipək mərkəzləri haqqında məlumat verib, ölkəmizin ərazisindən keçən və ipək ticarətində mühüm rol oynayan karvan yollarının əhəmiyyətini vurğulayıb.
Seminarda ŞREM-in Tut ipəkqurdunun seleksiyası şöbəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Qüdürət Bəkirovun “Tut ipəkqurdunun Şəki Regional Eelmi Mərkəzində əldə olunmuş iqtisadi baxımdan səmərəli cins və hibridləri”, mərkəzin Molekulyar biofizika şöbəsinin elmi işçisi Yevgeniya Bəkirovanın “Azərbaycanda tut ipəkqurdunun süni yemlə yemləndirilməsi üçün ilkin tədqiqatlar” və Genetik Ehtiyyatlar İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədovun “Tut ipəkqurdunun molekulyar genetik metodlarla öyrənilməsi” mövzusunda məruzələri dinlənilib.
Məruzələrdə bildirilib ki, Azərbaycanın təbii-iqtisadi və aqroekoloji şəraiti ipəkçiliyin inkişafı baxımından çox əlverişlidir və hazırda dövlətimiz bu sahəyə xüsusi diqqət yetirir. Ölkə Prezidenti tərəfindən baramaçılığın və ipəkçiliyin inkişafı ilə bağlı mühüm sərəncam və fərmanlar imzalanır, məqsədyönlü tədbirlər həyata keçirilir.
Sonda gələcəkdə baramaçılıq, ipəkçilik, tut ipəkqurdunun və tut tinglərinin yetişdirilməsi istiqamətində təşkilatların birgə fəaliyyətinin zəruriliyi vurğulanıb.
© www.science.gov.az