AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə bir qrup alim Xızı Dayaq Məntəqəsində olub.
Alimlər məntəqədə torpaqların mühafizəsi, münbitliyinin artırılmasına dair mövcud standart və normativlərə əməl olunması vəziyyəti ilə tanış olublar. Həyata keçirilən tarla təcrübələrilə yaxından maraqlanan AMEA rəhbərliyi arpa, buğda və digər əkin sahələrinə, müxtəlif sort tərəvəz bitkilərinin məhsullarına baxış keçiriblər.
AMEA rəhbərliyi Xızı Dayaq Məntəqəsində çalışan mütəxəssislərlə söhbət aparıb, qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar görülən işləri müzakirə edib, bir sıra məsələlərlə bağlı müvafiq tapşırıqlar verib. Görüşdə aqrar sektorun, o cümlədən heyvandarlığın inkişafında, əhalinin ayrı-ayrı kənd təsərrüfatı məhsullarına olan təlabatının ödənilməsində torpaq münbitliyinin yaxşılaşdırılması, heyvandarlığın yem bazasının möhkəmləndirilməsi, təbii yem sahəsinin mühafizəsi, otlaqların yaxşılaşdırılması və bitkilərin botaniki zənginliyinin qorunub saxlanılmasının vacibliyindən bəhs edilib. Ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyi dövrdə aqrar sahənin elmi biliklər əsasında modernləşdirilməsinin önəmindən danışan AMEA rəhbəri Xızı Dayaq Məntəqəsində çoxsahəli aqrokompleksin yaradılmasının bu sahədəki işin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Aqrokompleksin ilkin layihələrinin hazırlanmasına dair müvafiq göstərişlər verən AMEA rəhbərliyi əkinçilik mədəniyyətinin yüksəldilməsi, elmin istehsalatla əlaqəsinin möhkəmləndirilməsi, bu sahəyə aid texnologiyanın təkmilləşdirilməsi və müasir texnologiyadan geniş istifadə olunması, elmi-texniki nailliyyətlərin və qabaqcıl təcrübənin həyata keçirilməsinin vacibliyini bildirib.
Səfərdə Rəyasət Heyəti aparatının İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, idarənin müdir müavini Sərdar Əliyev və Mərkəzi Nəbatat Bağının direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Vahid Fərzəliyev də iştirak ediblər.