22 fevral 2013-cü il tarixində AMEA Genetik Ehtiyatlar İnstitutunda Azərbaycanda mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın ilk iclası keçirilmişdir.
İclasda mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, genetik modifikasiya olunmuş bitkilərin idxalının və yayılmasının aşkarlanması, onlardan törənə biləcək təhlükələrin tədqiqi, kolleksiya siyasəti, institutların və kolleksiyaların maddi-texniki bazalarının yaxşılaşdırılması, yüksək ixtisaslı kadr hazırlığı və s. problemlərlə bağlı geniş fikir mübadiləsi aparılmış və müvafiq qərarlar qəbul edilmişdir. "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə Dövlət Proqramının (Milli Proqram) ən qısa zamanda hazırlanaraq dövlət başçısına təqdim olunması Elmi-Texniki Şuranın ən mühüm qərarlarından biri olmuşdur.
İclasda həmçinin Qanuna, ölkə Prezidentinin fərmanlarına və Nazirlər Kabinetinin sərəncamlarına müvafiq olaraq mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan "ixtisaslaşdırılmış ekspert şuraları" və "prioritet fəaliyyət istiqamətləri üzrə işçi qrupları"nın siyahısı və tərkibi müəyyənləşdirilmişdir.