İyul ayının 19-da Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə AMEA-nın “Elm” uşaq istirahət düşərgəsini ziyarət edib.
Akademik Akif Əlizadə düşərgənin ərazisində yeni yaradılan infrastrukturla yaxından tanış olub, müəyyən tapşırıqlar verib.
Daha sonra düşərgədə istirahət edən uşaqlar tərəfindən hazırlanmış musiqi proqramı təqdim edilib.
Səfərdə Rəyasət Heyəti aparatının İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov və Azad Həmkarlar İttifaqının sədr müavini, hüquq elmləri doktoru Habil Qurbanov da iştirak ediblər.
Qeyd edək ki, “Elm” uşaq istirahət düşərgəsi 1960-cı ildən fəaliyyət göstərir. Düşərgə ərazisində yerləşən istirahət otaqları və yeməkxana sökülərək yenidən inşa edilib. Bundan əlavə, düşərgənin girişində mini zoopark və kiçik fəvvarə quraşdırılıb.
© www.science.gov.az