AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azad Həmkarlar İttifaqı və Alimlər Evinin təşkilatçılığı ilə üçüncü “Fizika və lirika” konfransı keçirilib.
AMEA-nın Dendrologiya İnstitutunda keçirilən tədbirdə akademiya əməkdaşlarının bədii yaradıcılığını özündə əks etdirən “Biz də varıq” və “Plyus bədii yaradıcılıq” ədəbiyyat antologiyalarının təqdimatı olub.
Əvvəlcə konfrans iştirakçıları AMEA əməkdaşlarının rəsm, xəttatlıq və bədii yaradıcılıq nümunələrindən ibarət sərgi ilə tanış olublar.
Tədbirin açılış mərasimində AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək bu günün əlamətdar hadisə olduğunu və ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə tariximizin yeni epoxasının başlandığını diqqətə çatdırıb. Qeyd edib ki, Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə digər sahələrlə yanaşı, elm, ədəbiyyat, mədəniyyət, incəsənət də yüksək səviyyədə inkişaf edib.
Akademik bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
İ.Həbibbəyli “Fizika və lirika” layihəsinin elmi idrakla bədii idrakın sintezi olduğunu və növbəti konfransın MDB ölkələri səviyyəsində beynəlxalq miqyasda keçiriləcəyini vurğulayıb.
“Biz də varıq” nəşri barədə məlumat verən akademik kitabın Azad Həmkarlar İttifaqının dəstəyi ilə hazırlandığını və AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarında çalışan və həm də bədii yaradıcılıqla məşğul olan əməkdaşlarının əsərləri və tərcümələrindən nümunələrin toplandığını bildirib.
“Plyus bədii yaradıcılıq” almanaxı barədə də danışan İ.Həbibbəyli qeyd edib ki, nəşr fundamental tədqiqatlarla ardıcıl məşğul olan, özünü elmə həsr etmiş ədəbiyyatçıların fərqli mənəvi dünyasını və geniş yaradıcılıq imkanlarını elmi-ədəbi ictimaiyyətə təqdim edir. Akademik kitabda bədii əsərləri toplanmış müəlliflərdən 4 nəfərinin AMEA-nın həqiqi üzvü, 13 nəfərinin filologiya üzrə elmlər doktoru, 20 nəfərinin isə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malik olduğunu deyib.
Sonra Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxış edərək bu günə qədər tətbiqi elmlərlə ədəbiyyatın əlaqələrinə dair bir çox tədqiqatların aparıldığını söyləyib. Qeyd edib ki, müxtəlif elm sahələrində fəaliyyət göstərən şəxslərin ədəbi poeziyaya müraciəti daima olub və nəticədə dünya ədəbiyyatı üçün dəyərli əsərlər ortaya çıxıb.
Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Fizika və lirika” konfransının mahiyyətində insanın həm rasional, həm də emosional təfəkkürünün olduğunu bildirib. Alim AMEA-da son illərdə aparılan islahatlar nəticəsində bu mövzunun Azərbaycanda yenidən canlandığını və özünə yer tapmağa başladığını söyləyib.
AMEA Azad Həmkarlar İttifaqının sədri, iqtisad elmləri doktoru İsa Alıyev isə çıxış edərək “Biz də varıq” nəşrindən danışıb. O, AMEA-nın bədii yaradıcılıqla məşğul olan alimlərinin şeirlərinin hər il kitab halında çap ediləcəyini bildirib.
Konfransda Rəyasət Heyətinin Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək gələcəkdə akademiyanın doktorant və magistrantlarının bu tədbirlərdə iştirak etmələrini arzuladığını deyib.
Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva çıxışında layihənin əhəmiyyətindən danışıb. Sayca üçüncü konfransın keçirildiyini söyləyən N.Quliyeva budəfəki tədbirin AMEA-nın yaradıcı alimlərinə həsr olunduğunu bildirib.
Sonra Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Tahirə Məmmədin “Fizika və lirika” konfransları: elmlə ədəbiyyatın dialektik əlaqəsi”, bu qurumun baş elmi işçisi, professor Vüqar Əhmədin “AMEA-da ədəbi proses: mövcud vəziyyət və qarşıda duran vəzifələr”, professor Rəhim Əliyevin “Biz də varıq” şeir antologiyası elm adamının bədii düşüncəsinin ifadəsi kimi”, aparıcı elmi işçi Rasim Qurbanovun “Müasir ədəbi prosesdə “Plyus bədii yaradıcılıq” ədəbi antologiyasının yeri və əhəmiyyəti” mövzularında məruzələri dinlənib.
Sonda tədbir iştirakçıları böyük rus şairi Sergey Yeseninin ev-muzeyini ziyarət ediblər.
© www.science.gov.az