AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov akademik M.Musayevin Azərbaycan elminin görkəmli xadimlərindən biri olduğunu qeyd edərək onun zoologiya elminin inkişafına verdiyi töhfələrdən danışıb.
Ə.Əmiraslanov alimin yaratdığı elmi məktəbin əhəmiyyətini xüsusi vurğulayaraq bu məktəbin davamçılarının bu gün də səmərəli elmi tədqiqatlar apardığını nəzərə çatdırıb.
AMEA Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov “Akademik Musa Musayev həyat və yaradıcılığı haqqında” məruzə ilə çıxış edib.
E.Yusifov bildirib ki, 27 dekabr 1921-ci ildə Gəncə şəhərində anadan olan M.Musayevin ilk elmi axtarışları heyvanların və insanın təhlükəli xəstəliklərindən biri olan leptospirozların öyrənilməsinə həsr edilmişdir. 1949-cu ildən Zoologiya İnstitutunda baş elmi işçi kimi elmi fəaliyyətə başlayan M.Musayevin elmi fəaliyyəti Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu ilə bağlı olub.
M.Musayevin instituta rəhbərlik etdiyi dövrlərdə bu elmi müəssisədə fəaliyyət göstərən 18 laboratoriyadan 12-si akademikin şəxsi təşəbbüsü və rəhbərliyi ilə yaradılmışdır. Onun fəaliyyəti nəticəsində Zoologiya İnstitutunun insektarisi və vivarisi olan yeni kompleks binası, okean və dənizlərdə işləyə bilən “Elm” elmi-tədqiqat gəmisi tikilmış, Mingəçevir şəhərində texniki avadanlıq və kiçik gəmi ilə təchiz olunan laboratoriya yaradılmış, Zooloji muzeyin, laboratoriyaların kolleksiya və kitab fondu zənginləşdirilmişdir.
E.Yusifov əlavə edib ki, M.Musayev respublikamızda ilk dəfə ibtidailərin öyrənilməsinə başlayan yeni, protozoologiya elmi məktəbi yaratmışdı.
Akademikin və onun tələbələrinin uzun illər apardıqları tədqiqatlar nəticəsində faunanın geniş bir qrupunu təşkil edən, sərbəst yaşayan, insanda, vəhşi və ev heyvanlarda parazitlik edən ibtidailərin növ tərkibi, sistematikası, yayılması, həyat tsikli, parazit-sahib münasibətlərinin biokimyəvi xüsusiyyətləri və s. məsələlər geniş surətdə öyrənilmişdir. İri və xırda buynuzlu heyvanlarda, ev donuzlarında, gəmiricilərdə, vəhşi və ev quşlarında, balıqlarda parazitlik edən, toksoplazmoz, eimerioz, sarkosporidioz, kriptosporidioz, kimi təhlükəli xəstəlik törədən parazit ibtidailərə aid yüzlərlə elmi məqalə, sanballı monoqrafiyalar yazılmış, bu xəstəliklərə qarşı müalicə və profilaktika tədbirləri hazırlanmış və istehsalata tətbiq edilmiş, torpaqda və suda yaşayan ibtidailərin, onların torpağın münbitləşdirilməsində rolu, ətraf mühitin çirklənmə dərəcəsinin təyinində ibtidailərdən diaqnostik göstərici kimi istifadə edilməsi sahəsində tədqiqatlar aparılmışdı. Hazırda bu istiqamətlərdə aparılan tədqiqatlar müvəffəqiyyətlə davam etdirilir:O, özü və şagirdləri ilə birgə onurğalı heyvanlarda parazitlik edən və təsvirlərini verdikləri elm üçün yeni olan 71 növ koksididən bir neçəsinə öz şagirdlərinin (Eimeria alijevi, E.ismailovi, E.yolchijevi) və Azərbaycanın yer adlarını (E.bakuensis, E.nachitschevanica, E.arasianensis, E.badamlinica, E.gumbaschica, E.jardimlica, E.sahachtachtina və s.) verməklə Azərbaycan alimlərinin və yer adlarını elmdə əbədiləşdirilmişdir.
E.Yusifov qeyd edib ki, M.Musayev Azərbaycanda leptospriozun ilk hərtərəfli tədqiqatçısı kimi keçmiş SSRİ-də bu sahədə aparılan elmi işlərin planlaşdırılmasında birbaşa iştirak etmiş, bu sahədə kadrlar hazırlamış, elmi məqalələr və monoqrafiyalar yazmışdır. Onun “İri buynuzlu heyvanların leptospirozu” monoqrafiyası bu günədək leptosprioz haqqında mövcud olan məlumatların yeganə elmi ümumiləşdiricisi olaraq baytar işçiləri üçün qiymətli vəsait sayılır.
Alimin keçən əsrin 50-ci illərində təklif etdiyi “Leptospriozun seroloji diaqnostikası” üsulu indi də müasir immunoloji metodlarla bərabər bu xəstəliyin diaqnostikasında istifadə edilir: “M.Musayev Zoologiya İnstitutunda təkcə Azərbaycan üçün deyil, digər qonşu ölkələr – Qazaxıstan, Özbəkistan, Gürcüstan, Belarus, Moldova üçün protozooloq alimlər hazırlamışdır. Görkəmli alim xidmətlərinə dövründə bir çox orden və medallarla, eləcə də Azərbaycanda biologiya elminin inkişaf etdirilməsindəki xidmətlərinə görə “Şöhrət Ordeni” ilə təltif edilmişdir”.
Tədbirdə professor Şaiq İbrahimov, biologiya üzrə fəlsəfə doktoru Türkan Qurbanova, professor Vaqif Verdiyev akademik M.Musayev haqqında xatirələrini bölüşüb.
Mərasimdə daha sonra yeni təsis edilən “Akademik Musa Musayev Mükafatı”təqdim edilib.
B.ü.f.d. Barat Əhmədov “ilin ən yaxşı elmi rəhbəri”, b.ü.e.d Sücəddin Quliyev “ilin ən məhsuldar alimi”, b.ü.e.d. Xalid Əliyev “ilin ən yaxşı laboratoriya müdiri”, Şahzadə Mədətova “ilin ən yaxşı ictimai fəalı”, Səbinə Həsənova “ilin ən yaxşı gənc alimi”, Herpetalogiya laboratoriyası “ilin ən yaxşı laboratoriyası”, Könül Tağıyeva “ilin ən yaxşı ictimai fəalı” və b.ü.f.d Səbinə Bünyatova “ilin ən yaxşı ictimai fəalı” nominasiyası üzrə mükafatlarla təltif ediliblər.
Tədbirin sonunda M.Musayevə həsr edilmiş “Elmə həsr edilmiş ömür” filmi ictmaiyyətə təqdim edilib.