Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov İsrailin Hebrev Universitetinin professoru Şela Gorinsteini qəbul ettmişdir. Görüş zamanı birgə tədqiqatların aparılması, beynəlxalq və yerli layihələrdə iştirak və kadr hazırlığı məsələləri geniş müzakirə olunmuşdur.
Sonra professor Gorinstein İnstitutda fəaliyyət göstərən Biotexnologiya, Texniki bitkilər, Texnologiya və Biokimya laboratoriyalarında aparılan tədqiqatlarla yaxından tanış olmuşdur. Həmçinin o,İnstitutun elmi seminarındaiştirak etmiş və “Bəzi tropik meyvə bitkilərində bioaktiv maddələrin qida və formokoloji əhəmiyyəti” mövzusunda çıxış etmişdir. Alim seminar zamanı aparılan tədqiqatların dünya ölkələri üçün əhəmiyyətini danışmış və bildirmişdir ki, sözügedən tədqiqatlar qida təhlükəsizliyi baxımından olduqca önəmlidir.
Professor Gorinstein müəlliflik etdiyi məqalə və elmi əsərlərini də nümayiş etdirmiş,375 elmi əsərin dərc olunduğunu və əksər məqalələrinin yüksək impakt faktorlu jurnallarda yayımlandığını diqqətə çatdırmışdır. Apardığı tədqiqatların dəfələrlə yüksək dövlət mükafatı və yaxın zamanlarda Polşa alimləri ilə birgə tədqiqatlarının Polşa prezidentinin xüsusi mükafatına layiq görüldüyünü vurğulamışdır.
Seminar zamanı meyvə bitkilərinin antioksidant xüsusiyyətləri, onların təyini metodları və bu barədə gələcək əməkdaşlıq ciddi müzakirə olunmuşdur. GEİ-nin gənc tədqiqatçılarının İsrailin Hebrev Universitetində təcrübə keçməsi, o cümlədən Azərbaycanda yayılmış dərman və meyvə bitkilərinin birgə öyrənilməsi üzrə razılığa gəlinmişdir.