Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) ilk magistrantının dissertasiya işinin müdafiəsi keçirilmişdir.
Seminarı İxtisaslaşdırılmış Müdafiə Şurasının sədri professor Ramiz Əliyev açmışdır. O bildirmişdir ki, 2015-ci ildə AMEA-da akademik Akif Əlizadənin şəxsi təşəbbüsü ilə magistratura pilləsi yaradılmış və bu iş uğurla təşkil olunmuşdur. AMEA-da magistratura təhsilinin yaradılması onun kadr potensialının gəncləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. R.Əliyev qeyd etmişdir ki, 2015-ci ildə GEİ-yə bir magistr qəbul olunmuş, tədris proqramı tanınmış universitetlərin proqramları əsasında hazırlanaraq tədris olunmuşdur. GEİ-nin ilk magistrantı Şəfəq Məmmədova olduqca intizamlı və çalışqan tələbə olmuş, verilən tapşırıqları vaxtında yerinə yetirmiş, ən müasir metodları öyrənmiş və dissertasiya işində nəzərdə tutulmuş tədqiqatları da yüksək səviyyədə yerinə yetirmişdir. Həmçinin dissertasiya işinin müdafiəsi üçün tələb olunan bütün sənədlərin qaydasında olduğunu bildirmişdir.
Ş.Məmmədova “Bitkilərin seleksiyası” ixtisası üzrə dissertasiya işi haqqında məlumat vermiş, bütün suallara əhatəli cavablandırmışdır.
Daha sonra magistrantın elmi rəhbəri, GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov çıxış etmişdir. O akademiyada yaradılan magistratura təhsilinin əhəmiyyətindən danışmış, Ş.Məmmədova haqqında olan yüksək fikirlərini diqqətə çatdırmış və dissertasiya işində nəzərdə tutulmuş tədqiqatların vaxtında aparıldığını bildirmişdir. O, qeyd etmişdir ki, magistrant yüksək balla qəbul olunmuş, həmçinin təhsil aldığı müddətdə imtahanları yüksək balla başa vurmuşdur.
Dissertasiya işinin rəsmi rəyçisi biologiya üzrə fəlsəfə doktoru, dosent Xanbala Rüstəmov işə müsbət rəy hazırladığını diqqətə çatdırmışdır.
Sonra müdafiə şurasının üzvləri biologiya üzrə elmlər doktoru, dosent Hacı Şıxlinski, biologiya üzrə fəlsəfə doktoru, dosent Hamlet Sadıqov və biologiya üzrə fəlsəfə doktoru, dosent Mehrac Abbasov magistrant və dissertasiya işi haqqında müsbət fikirlərini söyləmişlər.
Müdafiə zamanı AMEA Rəyasət Heyətinin Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Cəlil oğlu Hüseynov da iştirak etmişdir.
Sonda qərar verilmişdir ki, Şəfəq Məmmədovanın dissertasiya işinin müdafiəsi 50 balla, yekun olaraq isə 99 balla qiymətləndirilsin və ona magistr elmi dərəcəsi verilsin.