Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov NiderlandKrallığındakənd təsərrüfatı bitkilərinin tədqiqi, seleksiyası və toxumçuluğu üzrə ölkənin ən tanınmış tədqiqat və istehsal müəssisəsi olan Rijk Zvaan şirkətinin dəvəti ilə 4 günlük səfərdə olmuşdur.
Rusiya Federasiyasını və Tacikistan Respublikasını təmsil edən alimlərin, eləcə də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin gənc mütəxəssisi Tofiq Məmmədovun iştirakı ilə həyata keçirilən səfərdə məqsəd adıçəkilən şirkətlə yaxından tanış olmaq, qarşılıqlı material, texnologiya və alim mübadiləsi, birgə tədqiqat və gənc kadrların hazırlanması üzrə əməkdaşlıq imkanlarını araşdırmaq, genetik ehtiyatların toplanılması üzrə birgə ekspedisiyaların təşkili məsələlərini müzakirə etmək və planlaşdırmaq olmuşdur. Hər üç ölkədən olan nümayəndələr Rijk Zvaan şirkətinin kənd təsərrüfatı bitkiləri, xüsusən də, biotexnologiyalardan geniş istifadə etməklə tərəvəz bitkilərinin seleksiya və toxumçuluğu üzrə qazandığı çoxillik böyük təcrübəsi, elmi tədqiqat imkanları ilə yaxından tanış edilmişlər.
Səfər zamanı keçirilən seminarda, eləcə də şirkətin rəhbərliyi və alim heyəti ilə aparılan görüşlərdə çıxış edən Z.Əkpərov Azərbaycanın zəngin aqrobiomüxtəlifliyi, onun öyrənilmə və qorunma vəziyyəti, aqrar və biologiya elmləri sahələrində Azərbaycanda dövlətin dəstəyi ilə yaradılmış elmi-texniki və kadr potensialı haqqında geniş məlumat vermiş, birgə multidissiplinar tədqiqatların tərəflər üçün böyük fayda verə biləcəyinə diqqət çəkmişdir.
Görüşlərin gedişində bir sıra razılaşmalar əldə edilmişdir ki, yaxın zamanlarda onlar əsasında qarşılıqlı əməkdaşlıq müqavilələri imzalanacaqdır.