XƏBƏRLƏR
11:05, 09.06.2017
AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Rusiyada keçirilən Beynəlxalq Səyyar Seminarda iştirak etmişlər

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun “Dənli taxıl və paxlalı bitkilər” şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Xanbala Rüstəmov və “Molekulyar sitogenetika” şöbəsinin doktorantı Güllər Qədiməliyeva Rusiya Federasiyasında 5 günlük ezamiyyətdə olmuşlar. Onlar “Payızlıq Buğdanın Yaxşılaşdırılması üzrə Beynəlxalq Proqram” (İWWİP) çərçivəsində Krasnodar və Rostov şəhərlərində təşkil olunmuş Payızlıq Buğda üzrə Beynəlxalq Səyyar seminarda (İnternational Winter Wheat Travelling Seminar) iştirak etmişlər. Avropa və Mərkəzi və Qərbi Asiyanın 17 ölkəsindən 62 alim və mütəxəssisin iştirak etdiyi beynəlxalq seminar CİMMYT, İCARDA, FAO, P.P.Lukyanenko adına Krasnodar KTET İnstitutu və “Don” Aqrar Elmi Mərkəzin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.  

Tədbirin gedişində Rusiyada seleksiyanın tarixi, nailiyyətləri və perspektivləri, payızlıq buğdanın yaxşılaşdırılması üzrə beynəlxalq proqramın əhəmiyyəti, Türkiyədə buğdanın seleksiyası və istehsalı, iqlim dəyişmələri ilə əlaqədar payızlıq buğdanın seleksiyasının əsas istiqamətləri və yekunları, marker seleksiyasının əsas istiqamətləri, seleksiya işi və dünyada buğda istehsalının əsas tendensiyalarına dair təqdimatlar olmuşdur. Səyyar seminarda, həmçinin digər ölkələrdə, o cümlədən Azərbaycanda payızlıq buğdanın seleksiyası sahəsində alınmış elmi nəticələr, mövcud problemlər müzakirə edilmiş və gələcək üçün əməkdaşlığın istiqamətləri işlənib hazırlanmışdır.

Səfər müddətində P.P.Lukyanenko adına Krasnodar KTET və İ.Q.Kalinenko adına Ümumrusiya ET Dənli Bitkilər İnstitutlarının seleksiya işləri, toxumçuluq təsərrüfatları və eləcə də  fermerlərin taxıl sahələri ilə yaxından tanış olunmuşdur.

Qeyd edək ki, İWWİP proqramının əsas məqsədi Mərkəzi və Qərbi Asiya regionu üçün payızlıq və fakultativ buğdanın seleksiyası çərçivəsində genetik materialların introduksiyası və mübadiləsinin həyata keçirilməsini müzakirə etmək, əldə edilmiş nəticələri paylaşmaq, problemləri müzakirə etmək və gələcəkdəki əməkdaşlıqları inkişaf etdirməkdir. Bu proqram 2007-ci ildə Türkiyədən başlayaraq hər iki ildən bir müxtəlif ölkələrdə keçirilir. Əvvəlki seminarlar Türkiyə, Ukrayna, Bolqarıstan, Ruminiya, Özbəkistan və Gürcüstanda, 2015-ci ildə isə Azərbaycanda keçirilmişdir. 

 

 

FOTO>>>

 

 

©  www.genres.az